Dünyanı  nüvə müharibəsindən xilas edən kəşfiyyatçı

Dünyanı nüvə müharibəsindən xilas edən kəşfiyyatçı

10 May 09:07
2 295
Bəyəndim (1) Bəyənmədim (0)

Əvvəli ötən nömrəmizdə

Hökumət dairələrində belə qənaətə gəliblər ki, atom silahının sirləri ABŞ-ın Los-Alamos Nüvə Tədqiqatları Mərkəzində çalışan sovet agentləri tərəfindən oğurlanıb. Kəşfiyyatçı Feklisov məsələ ilə bağlı müsahibələrinin birində : "Biz ABŞ-a və ya İngiltərəyə zərər vurmadıq, sadəcə olaraq, dövlətimizin qüdrətini möhkəmləndirdik. Axı Prezident Trumenin ABŞ-ın "ruslara qarşı möhkəm dəyənək" yaratdığına dair bəyanatından sonra amerikalıların əsl nüvə niyyətləri haqda heç bir şübhə qalmamışdı. Onlar Sovetlər İttifaqına atom hücumu planları hazırlamışdılar: "Troyan", "Dropşot" planlarına malik idilər. ABŞ-da Moskvaya, Leninqrada, ölkəmizin əsas sənaye mərkəzlərinə atılmaq üçün lazım olan bomba miqdarı da öncədən müəyyən edilmişdi. Lakin Sovet atom silahının peyda olması vəziyyəti sabitləşdirdi”,-demişdi.

Tezliklə Britaniya əks-kəşfiyyatı atom bombasının sirrini əldə edən alim Fuksun izinə düşərək onu həbs elədi. Fuks daha sonra 14 il müddətinə azadlıqdan məhrum edildi. Mətbuatda onu əsrin ən təhlükəli casusu adlandırırdılar. Alim 1959-cu ilin iyununda həbsxanadan çıxmış, Qərbdə elmi işlə məşğul olmaq təklifindən imtina edərək Şərqi Berlində yaşamağa üstünlük vermişdi.

"Vaxt gözləmir"

Feklisov haqqında isə o vaxt belə bir ifadə işlədirdilər: Sovet siyasi kəşfiyyatının rezidenti kimi o, ezamiyyətə gedib. Bu, soyuq müharibənin qızğın dövrü idi.

Feklisovun xidməti ezamiyyəti 1950-ci ildə başa çatdı. Sonra o, bir müddət Praqada işlədi. O 1959-cu ilin sentyabrında ABŞ-da Nikita Xruşşovun başçılıq etdiyi Sovet nümayəndə heyətini müşayiət etdi. 1960-cı ilin yazında kəşfiyyat rəhbərliyi Feklisovu Fomin adı altında yenidən xaricə -ABŞ-a göndərmək barədə qərar qəbul etdi. Həmin dövr siyasi baxımdan olduqca mürəkkəb idi.

1959-cu ildə Kubada Fidel Kastronun rəhbərlik etdiyi inqilab qalib gəldi. Prezident Con Kennedi isə rejimi devirmək üçün Azadlıq adasına qarşı təcavüzə başladı. Lakin onlar Kubada ancaq kiçik bir ərazini tuta bildilər. Bununla belə ABŞ ikinci dəfə Kubaya qarşı təcavüzə hazırlaşırdı. Belə bir mürəkkəb dövrdə "Kalistrat"ın qarşısında bu planlar haqqında gizli məlumat əldə etmək vəzifəsi qoyulmuşdu.

Baş verənlərlə əlaqədar Xruşşov adada Nyu-York və Vaşinqton da daxil olmaqla, Ştatların ərazisinə zərbə endirə biləcək nüvə başlıqlarına malik raketlərin yerləşdirilməsini qərara aldı və bunu gizlicə həyata keçirdi. 14 oktyabr 1962-ci ildə Amerikanın U-2 kəşfiyyat təyyarəsi Kubada raket buraxma qurğularının tikintisini qeydə aldı. O dövrdə ABŞ-ın müdafiə naziri işləyən Robert Maknamaran prezident Con Kennediyə demişdi ki, bu qurğuların bombalanması halında Sovet mütəxəssisləri həlak ola bilər ki, bu da qaçılmaz olaraq SSRİ-nin münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq. Beləliklə, hadisələri nüvə müharibəsi fəlakəti həddinə gətirən Karib böhranı yarandı.


SSRİ-nin ABŞ-dakı səfiri Anatoli Dobrınin və BMT-dəki səfir Valerian Zorin Kubada nüvə başlıqlı silahların yerləşdirildiyi barədə məlumatları təkzib edirdilər. Onlar Robert Kennedi və digər nümayəndələrlə rəsmi söhbətlərində bəyan edirdilər ki, bu, müdafiə silahıdır və amerikalılara heç bir təhlükə yaratmır. Amma onlara inanmırdılar, ona görə də tərəflər arasında rəsmi danışıqlar aparılmırdı. Dünya nüvə müharibəsinin bir addımlığında idi. Belə gərgin bir dövrdə

1962-ci il oktyabr ayının 26-da Aleksandr Semyonoviç səhər saatlarında tanış telejurnalist Con Skallini "Oksidental"restoranına lança dəvət etdi. Onlar yaxın tanış idilər və son il yarım ərzində mütəmadi olaraq bir-birləri ilə məxfi xarakter daşıyan bəzi məlumatlar barədə fikir mübadiləsi edirdilər. “Əlbəttə ki, Scalli kiminlə görüşdüyünü başa düşürdü", - deyə sonralar kəşfiyyatçının qızı Natalia Feklisova mətbuata açıqlamasında demişdi. Onun sözlərinə görə, bu görüş zamanı amerikalı bildirmişdi ki, ABŞ Kuba və SSRİ-dən güclüdür və bizim prezident siz raketlərinizi oradan çıxarmayacağınız halda adaya və mövqelərinizə zərbələr endirərək oranı yer üzündən siləcək. Nataliyanın sözlərinə görə, ona cavabında atası əsəbiləşərək demişdi: "Əgər Kubaya ikinci dəfə hücum etsəniz bu, liderimiz Nikita Xruşşovun əllərini açacaq və sizin üçün həssas olan strateji obyektlərə cavab zərbələri endirəcək”. Scalli dərhal ondan soruşmuşdu: "Hansı? Qərbi Berlin?"Bəli", -deyə Feklisov cavab vermişdi: “Onda biz tanklarla və qırıcı təyyarələrlə hücum edərək oranı ələ keçirəcəyik".

Bu, Aleksandr Semyonoviçin ruhunun bir etirazı idi, heç kim ona belə bəyanatlar verməyə səlahiyyət verməmişdi. O, demək olar ki, görüş zamanı dediklərini özünəməxsus şəkildə dövlət adından verdiyi təsəvvürü yaratmışdı. Skalli, əlbəttə ki, belə bir bəyanat gözləmirdi. O, eşitdiyi bu sözlərdən sonra bir qəhvə fincanını içib başa çatdırmadan alayarımçıq görüşü tərk etdi. Feklisov anladı ki, amerikalı ondan eşitdikləri barədə Ağ Evə hesabat verməyə qaçdı, çünki Kennedi Skalli qardaşları ilə tələbəlik illərindən dostluq edirdilər.

Görünür, amerikalılar anlayırdılar ki,"Kalistrat" sadəcə SSRİ-nin ABŞ -dakı səfirliyinin birinci katibi deyil, daha hansısa Sovet gizli xidmətini-GRU və ya KQB-ni təmsil edir.

Kennedi göstəriş verdi ki, sovet diplomatına xəbər versinlər ki, vaxt dözmür, buna görə də Kreml təcili olaraq raketləri Kubadan çıxarmaq üçün ABŞ-ın şərtlərinə özünün qeyd-şərtsiz razılığı barədə bəyanat verməlidir. Skalli görüşü yarımçıq tərk etdikdən təxminən 3saat yarım sonra Feklisova zəng edərək onu yenidən kafedə görüşə çağırdı. O, Feklisovla görüşdə birbaşa ona dedi ki, Kennedinin adından sizin liderinizə Karib böhranının həlli şərtlərini çatdırmaq istəyirəm. Birincisi, ruslar BMT-nin nəzarəti altında öz raketlərini adadan çıxarırlar. İkincisi, ABŞ Kubanın blokadasını aradan qaldırır. Üçüncüsü, ABŞ bəyanat verir ki, bundan sonra heç vaxt Kubaya hücum etməyəcək”.

Qızının sözlərinə görə, bütün bunlar şifahi deyilirdi və Feklisov da sözbəsöz yazırdı. Sonra da o, Skalidən düz yazıb-yazmadığını soruşur. O, düz yazılmasını təsdiqləyir. Söhbətin sonunda Feklisov Skalidən soruşur ki, bəs siz Türkiyədən raket qurğularını nə vaxt götürəcəksiniz? O da cavabında: “Biz orta mənzilli raketlərimizi altı aydan sonra Türkiyədən çıxaracağıq, lakin sizdən xahiş edirik ki, hələlik bunu açıqlamayasınız, çünki ABŞ-da praymeriz (prezident seçkiləri) gedir",-deyir.

Feklisov öz növbəsində Kennedinin bu təkliflərini dərhal Sovet səfirinə çatdıracağını vurğuladı. Lakin Dobrınin səfirliyin xətti ilə teleqram göndərməkdən imtina edərək, XİN-in ona belə danışıqlar aparmağa səlahiyyət verməməsinə istinad etdi.

Onda “Kalistrat” öz kanalından istifadə edərək məlumatları Moskvaya göndərdi. 4 saatdan sonra Feklisova xəbər verirlər ki,məlumat alınıb. Oktyabrın 28-də isə Xruşşov bəyan edir ki,ABŞ-ın şərtləri əsasında raketləri Kubadan çıxarmağa hazırdır.

Qızının sözlərinə görə, ən maraqlısı odur ki, atasıın dünyanı nüvə müharibəsindən xilas etməsi barədə Rusiyada 45 il ərzində susublar. Halbuki Qərbdə və Amerikada qeyri-rəsmi şəkildə nüvə müharibəsinin aradan qaldırılmasında "Skali-Fomin" kanalı və böhranın nizamlanmasında onların oynadığı rol barədə kifayət qədər çox yazıblar.

Amerikaya uğurlu bir ezamiyyətini başa vuraraq dünyanı nüvə müharibəsi təhlükəsindən xilas edən Feklisovu bundan sonra geriyə Moskvaya çağırırlar. O peşəkar kəşfiyyatçılar hazırlayan Xarici Kəşfiyyat Akademiyasında işədüzəlir. 1974-cü ildə isə Feklisov yaşa görə istefaya çıxır. Bundan 20 ildən sonra 1994-cü ildə Feklisov "Okeanın o tayında və adada" xatirə kitabını, 1999-cu ildə isə "Kəşfiyyatçının etirafı" kitabını nəşr etdirib.

"Kəşfiyyatçıdan qətiyyət, cəldlik və Vətənə sədaqət tələb olunur", — deyə o kitabında bildirib: “Vətənə sədaqət bizim zamanımızda da kəşfiyyatçının ən vacib keyfiyyətidir, çünki xaricdə bizi yenə də mənəvi cəhətdən tərksilah etməyə və fiziki cəhətdən qorxudmağa çalışırlar. Hər hansı təzyiqə qarşı çıxmaq üçün kəşfiyyatçıya, mənim dərin inamıma görə, tam mənada vətənpərvərlik, xidmət etdiyin işə sadiqlik, düzlük, Xidmətin maraqlarına tam tabe olmaq kimi xüsusiyyətlər xas olmalıdır".

Feklisovun dünyanı nüvə müharibəsindən xilas etməsi barədə göstərdiyi şügaətin üstündən SSRI-də uzun illər sükutla keçdilər. Sanki bütün bunlara Xruşşovun sayəsində nail olunmuşdu. Yalnız 1996-cı ildə RF Prezidentinin Fərmanı ilə SSRİ-nin təhlükəsizliyinin təmininə verdiyi görkəmli töhfəyə görə Xarici Kəşfiyyat Xidmətinin 82 yaşlı veteranı polkovnik Feklisova Rusiya Qəhrəmanı adı verildi. Onun üçün bu mükafat isə tam gözlənilməz oldu. Çünki Qərb dövlətləri ilə müqayisədə SSRİ-də kəşfiyyatçıların fəaliyyətindən adətən on illər sonra belə danışmamağa üstünlük veriblər.

Aleksandr Semyonoviç 26 oktyabr 2007-ci ildə vəfat edib.

Əziz Mustafa

Oxuməni.az