Oğurlanmış kəhrəba otağı tapmaq kimə nəsib olacaq?

Oğurlanmış kəhrəba otağı tapmaq kimə nəsib olacaq?

10 Aprel 2020 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Əvvəli ötın sayımızda
Kəhrəba otağın izlərini yalnız quruda deyil, həm də dənizdə axtarırdılar. Çünki kəhrəba otağın dəniz vasitəsi ilə də Almaniyaya göndərilə biləcəyi barədə müəyyən şübhələr vardı. Belə ki, kəhrəba otaqla bağlı araşdırılmalar aparılarkən bəzi şahidlər bu qiymətli yükün 1945-ci il yanvar ayının sonlarında xüsusi yeşiklərlə "Vilhelm Qustloff" gəmisinə yüklənildiyini bildirmişdilər. Şahidlərdən birinin dediklərinə görə, adı çəkilən gəminin baş bosmanı Erix Bittner yeşiklərdə rus çarlarına aid olan qiymətli əşyaların olduğunu söyləmişdi. Guya bu yeşikləri açıq dənizdə digər gəmiyə yükləməli imişlər. Müharibə illərində Köniqsberq limanında hərbi gəmidə işləyən digər bir matros müəmmalı yüklə bağlı Şərqi Almaniyada ( keçmiş Almaniya Demokratik Respublikası) çıxan "Voxenpost" qəzetinə verdiyi müsahibəsində kapitandan "Vilhelm Qustloff" gəmisindəki yükün açıq dənizdə Bornholm adası sahillərində kiçik yelkənli gəmilərdən birinə yüklənəcəyini və onun okeanın o biri tərəfinə göndəriləcəyi barədə məlumat eşitdiyini bildirmişdi. 1945-ci il yanvar ayının 30-da saat yerli vaxtla 21.00-da "Vilhelm Qustloff" gəmisi hərbi mühafizə gəmilərinin müşayiəti altında dənizə çıxdı. Lakin gəmi son təyinat yerinə gedib çata bilmədi. Belə ki, yanvarın 30-dan 31-nə keçən gecə "Vilhelm Qustloff" gəmisi sovet sualtı qayıqlarının hücumuna məruz qaldı. Onlar tərəfindən gəmiyə buraxılan 3 torpedo nəticəsində "Vilhelm Qustloff" okean sularına qərq olaraq batdı. Üstündən illər ötəndən sonra,1973-cü ildə polyak dalğıclar batmış "Vilhelm Qustloff"da araşdırma aparmağa başladılar. Onlara Polşa hərbi dənizçiləri və yerli Gəmiqayırma İnstitutunun əməkdaşları da yardım edirdilər. İki illik araşdırmalardan sonra batmış gəmidə kəhrəba otağın izlərini tapmaq mümkün olmadı. Ona görə də araşdırmaçılar bu dəfə Qərbi Almaniyadakı arxivlərdə "Vilhelm Qustloff" gəmisinə həmin dövrdə nələrin yükləndiyini axtardılar. Məlum oldu ki, gəmiyə yüklənən yüklər arasında kəhrəba otaqla bağlı hər hansı bir məlumat yoxdur. Onda təbii ki, sual ortaya çıxdı: Əgər kəhrəba otaq yanmayıbsa və Şərqi Prussiyada gizlədilməyibsə, dənizin dibində də basdırılmayıbsa, bəs onda o hara yoxa çıxıb? Bəlkə almanlar bu yükü Qərbə apara biliblər? Amma yükün Qərb ölkələrindən hansısa birinə daşına biləcəyi barədə danışmaq ağlabatan görünmür. Çünki həmin vaxt açıq dənizdə və okean sularında sovet və Qərb ölkələri sualtı qayıqları ağalıq edirdilər. Onlar dəniz sularında almanlara aid olan adi bir qayığı belə məhv edirdilər. Almanların bunu bilə-bilə açıq dənizlə bu qiymətli yükü haraya isə göndərə bilməsinə də bu baxımdan inanmaq çətindir. Üstəlik kəhrəba otaqla bağlı əsas aparıcı fiqurlardan biri hesab edilən A. Rode də Köniqsberqdə qalmış və heç yerə getməmişdi. Bəlkə o yükün Köniqsberqdən çıxarılmaması baxımından bu şəhərdə qalmağa üstünlük vermişdi. Bununla bağlı müəmmalı bir fakt da məlumdur. Belə ki, 1945-ci ilin may ayında sovet sənətşünasları, tanınmış muzey ekspertləri professor Bryusovun rəhbərliyi altında sovet qoşunları tərəfindən işğal edilən Köniqsberqə gəlmişdilər. Doktor Rode də onlara könüllü şəkildə yardım edirdi. Ancaq o, SSRİ-dən olan mütəxəssislərlə işləyərkən nə üçünsə bir dəfə də olsa kəhrəba otağın adını çəkməmişdi. Bir dəfə isə gecə Rode öz keçmiş kabinetində hansısa gizli məlumat olduğu ehtimal edilən sənədlərdən birini yandırmışdı. Müharibə dövründə bu təxribat hesab edilir və dərhal həmin adam yerindəcə güllələnirdi. Ancaq buna görə Rodeyə toxunmadılar. Çünki Bryusov və digər ekspertlər onun yardımına böyük ehtiyac duyurdular. Belə güman etmək olar ki, Rode və onunla çalışan keçmiş muzey əməkdaşları həqiqətən də kəhrəba otağın qablaşdırılaraq daşındığı yeri bilməyiblər.
Arxiv araşdırmaları zamanı kəhrəba otaqla bağlı olduqca dolaşıq, biri digərini təkzib edən məlumatlar ortaya çıxmışdı və onların hansının yalan, hansının düz olduğunu bu günə kimi müəyyən etmək mümkün olmayıb. Müharibədən sonra Kox öz memuarlarında yazırdı ki, Könqisberqdən ona aid olan qiymətli kolleksiyalarla birgə kəhrəba otaq da Almaniyaya daşınıb.
İzlər Almaniyanın qərbinə aparır
Köniqsberqdən kəhrəba otağın digər qiymətli əşyalarla birgə Almaniyanın daxili rayonlarına aparıla bilməsi də kifayət qədər məntiqli görünür. Bununla əlaqədar 1979-cu ildə "Literaturnaya qazeta" yazmışdı ki, Almaniyadan olan adamlardan biri bununla bağlı təkzibedilməz faktlara malikdir. Amma hansı faktlara? Çox təəsüflər olsun ki, sonralar adı çəkilən qəzet bununla bağlı məsələyə aydınlıq gətirmədi. Halbuki bu faktların ortaya çıxarılaraq araşdırılması kəhrəba otağın izini illərlə axtaran SSRİ üçün xüsusi əhəmiyyət daşıyırdı. Konkret olaraq kəhrəba otağın Almaniyanın içərilərinə daşınmasına gəlincə, arxivlərdə bununla bağlı az da olsa məlumat əldə etmək mümkün olub. Həmin məlumatlardan birində Koxun kəhrəba otağın Almaniyaya daşınması və orada onun üçün yer tapılması üçün Rodeni Saksoniyaya göndərdiyi məlum olub. Xeyli sonralar Rodeni bu səfərdə müşayiət edən mühafizəçidən tapılan xüsusi qeydlərdən məlum olub ki, muzey direktoru Köniqsberqə qayıdan kimi kəhrəba otağın və digər qiymətli əşyaların Almaniyaya göndərilməsi üçün hazırlığa başlayıb. Bu məqsədlə yanğından xüsusi mühafziə qabiliyyətinə malik olan 25-30 yeşik hazırlanmışdı. 1945-ci il yanvar ayının 12-də Rode şəhər mədəniyyət idarəsinə məlumat vermişdi ki, kəhrəba otaqdakı əşyaların qablaşdırılması yaxın günlərdə başa çatdırılacaq. Yanvarın 15-də qəsrə gələn Ştrausa məlumat vermişdilər ki, kəhrəba otaqdakı əşyalar artıq qablaşdırılıb, ancaq onu haraya göndərəcəklərini bilmirlər. Həmin vaxt Rode Ştrausa demişdi ki, kəhrəba otaqdakı qiymətli əşyaların göndəriləcəyi yer barədə səbrisziliklə yuxarıların təlimatını gözləyirlər. Bu isə özlüyündə təccüb doğurur. Çünki Rodə Saksoniyada kəhrəba otaq və digər qiymətli əşyaların gizlədilməsi üçün iki yer müəyyən etmişdi.

Ola bilsin ki, bu yerlər Koxun xoşuna gəlməyib. Sonuncu dəfə ağır xəstə olan və artıq son günlərini yaşayan atasından Volfqanq Rode kəhrəba otağın yerini soruşmuşdu. Amma atası kəhrəba otağın təhlükəsiz yerdə olduğunu və ya təhlükəsiz yerdə olacağını söyləyərək onun konkret olaraq harada gizlədildiyini heç cür xatırlaya bilməmişdi. Qeyd edək ki, SSRİ-dən olan mütəxəssisilər də həmin dövrdə artıq Rodenin dediklərinə inanmırdılar. Məsələn, professor Biryusov Rode haqqında: " O şübhəsiz ki, kəhrəba otaq haqqında çox şey bilir, ancaq özünü bilməzliyə vurur. Danışanda yaxşı danışır, ancaq heç cür kəhrəba otağın harada gizlədildiyni bilmir. Məsələn, mən ondan: -Bəlkə də kəhrəba otaq haralarda isə Rastenburq ətrafında gizlədilib?- deyə soruşdum. O isə dərhal:- Siz onun yerini tapdınız,- deyə şənlənməyə başladı. Mənə elə gəlir ki, o bizdən nəyi isə gizlədir. Zənnimcə o qatı faşistdir. Tez-tez içərək sərxoş olur, sanki dünya vecinə deyil. Onun sənətşünas olmasına da şübhəm var. Onun yeri ən yaxşı halda xüsusi düşərgədədir Ondan bizə ziyandan başqa xeyir dəyməyəcək".
Qeyd edək ki, Alfred Rode və onun həyat yoldaşı 1945-ci ilin qış aylarının birində, çox güman ki, mart ayında müəmmalı şəkidə dünyasını dəyişiblər. Amma bəzi tədqiqatçılar Rodenin 1945-ci ilin sonlarında öldüyünü bildirirlər. Rodenin və həyat yoldaşının nədən ölməsinə gəlincə, onların qızı Lotte ata və anasının o dövrdə Köniqsberqdə tuğyan edən tifdən öldüyünü bildirib.
Bu arada isə qiymətli əşyaların axtarılması ilə məşğul olan komissiya arxiv sənədlərinə əsasən müəyyən etmişdi ki, 1945-ci il yanvar ayının 18-30-u arasında "Koxun kolleksiyası" Köniqsberqdən Türingiyaya göndərilib və "yük" fevralın 9-da təyinat yerinə çatıb.
Davamı var
Əziz Mustafa

Oxuməni.az