Oğurlanmış kəhrəba otağı tapmaq kimə nəsib olacaq?

Oğurlanmış kəhrəba otağı tapmaq kimə nəsib olacaq?

9 Aprel 2020 13:01
Bəyəndim (1) Bəyənmədim (0)

Bir vaxtlar kəhrəba otaq adı gələndə hamı heyranlıqla ayağa qalxardı. O, 200 ildən artıq bir müddətdə Rusiya üçün şərəf və qürur yeri hesab edilirdi. Kəhrəba otaqla tanışlıq dünyanın ən mahir ustalarını, sənətşünaslarını belə heyrətə salırdı. Kəhrəba otaqda toplanan sənət əsərləri, həqiqətən də, insana ecazkar təsir bağışlayırdı. Hətta hər şeyi dağıdaraq köhnə nə varsa onlara ikrahla yanaşan və qiymətli sənət əsərlərini burjua mədəniyyətinin qalıqları hesab edən bolşeviklər belə, kəhrəba otaqdakı əşyalara toxunmayaraq, onun xüsusi mühafizəsini təmin etmişdilər. Ancaq II Dünya müharibəsi illərində kəhrəba otağın bəxti gətirmədi. Almanlar tərəfindən ələ keçirilən kəhrəba otaq ondakı qiymətli əşyalarla birgə yoxa çıxdı və bu gün də onun axtarışı davam edir. Kəhrəba otağa gəlincə, onun rusların əlinə düşməsinin maraqlı bir tarixçəsi var.
1716-cı ildə Prussiya kralı I Fridrix Vilhelm I Pyotra müraciət edərək, onunla İsveçə qarşı birgə mübarizə aparmağı təklif etdi. I Fridrix Vilhelm bununla rusların yardımı ilə Pomeraniya vilayətini öz torpaqlarına qatmaq istəyirdi. O, bu məsələdə I Pyotru razı salmaq və danışıqları sürətləndirmək məqsədi ilə I Pyotra Köniqsberq (indiki Kalininqrad) ustaları tərəfindən incəliklə hazırlanmış və baxanları özünə valeh edən kəhrəba sənət əsərləri ilə dolu otaq bağışladı. Kəhrəba otağın gözəlliyi qarşısında mat qalan I Pyotr bir müddət heyranlıqla oradakı sənət əsərlərinə tamaşa etdi. Necə deyərlər, Prussiya kralının hədiyyəsi I Pyotra öz təsirini göstərdi və tezliklə Rusiya ilə Prussiya arasında İsveçə qarşı birgə müharibə haqqında anlaşma imzalandı. İncə hazırlanan sənət işlərinin vurğunu olan I Pyotr dərhal I Fridrix Vilhelmin ona bağışladığı xəzinədən Peterburqda xüsusi kəhrəba otaq (kabinet) yaratdı. Bu otaqda olan kəhrəba bəzək əşyaları onu görənlərin ağlını başından alırdı. I Pyotr vəfat edəndən xeyli sonralar, 1755-ci ildə çariça Yelizaveta Petrovna kəhrəba otağı Peterburq yaxınlığındakı Tsarskoye selo (indiki Puşkin) kəndindəki yay iqamətgahına aparılmasını əmr etdi. Kəhrəba otağın yerləşdirildiyi saray o dövrün tanınmış memarı Bartolomeo Françesko Rastrelli tərəfindən inşa edilmişdi. Rastrelli kəhrəbadan hazırlanan nadir sənət əsərləri saxlanacaq otağı olduqca gözəl üslubda tİkmişdi. Burada yerləşdirilən kəhrəba əşyalarla otaq ümumi bir ahəng təşkil edərək, gündüz günəşin parlaq şüaları pəncərədən süzülərkən əsrarəngiz, dillə təsvir edilməsi mümkün olmayan bir mənzərə əmələ gətirirdi. Axşamlar isə yüzlərlə şam işığı kəhrəba otağı bəzəyən güzgülərdə əks olunaraq ona daha bir gözəllik verirdi. Təsadüfi deyildi ki, sarayın elitası kəhrəba otağa tez-tez daxil olaraq, onun gözəlliyindən doymaq bilməzdi. Burada insan, həqiqətən də, özünü ecazkar aləmdə hiss edirdi. 1917-ci ildə bolşeviklər tərəfindən həyata keçirilən dövlət çevrilişinə kimi kəhrəba otaq çarın və ətrafındakıların sevimli yeri kimi qaldı. Bolşeviklər hakimiyyətə gəldikdən sonra kəhrəba otağın əsasında kəhrəba muzeyi yaratdılar və hər il on minlərlə adam oranı ziyarət etməyə başladı. Yeri gəlmişkən, onu da xatırladaq ki, kəhrəba otağa ilk dəfə daxil olan bolşeviklərin rəhbəri Vladimir Lenin: “Burada özümü çox rahat hiss etdim, sanki gəncləşdim”, -demiş və onu xüsusi mühafizə etməyi tapşırmışdı. Kəhrəba otaq İosif Stalinin də ən çox sevdiyi yerlərdən biri idi.

Hitler: “Kəhrəba otağın əsl sahibi almanlardır”

Ötən əsrin 20-30-cu illərində əsrarəngiz kəhrəba otaq barədə məlumatlar Adolf Hitlerə də gedib çatmışdı. Kəhrəba otağın I Pyotra Prussiya kralı I Fridrix Vilhelm tərəfindən bağışlandığını eşidəndə Hitler: “Kəhrəba otaqdakı qiymətli sənət əsərləri almanlara məxsusdur və biz onu geri qaytaracağıq”,- demişdi. 1938-ci ildə Hitler kəhrəba otağın ələ keçirilməsi və onun Almaniyaya gətirilməsi üçün xüsusi təyinatlı alayın yaradılması barədə göstəriş verdi.

1941-ci il iyun ayının 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-yə cənubdan hücum edən ordunun tərkibində Almaniyanın məşhur incəsənət eksperti Nils fon Xostun rəhbərliyi altında xüsusi qrup da vardı. Onların əsas məqsədi kəhrəba otaqdakı əşyalara ziyan vurmadan Almaniyaya daşımaq idi. Hitler necə olursa-olsun kəhrəba otağın ələ keçirilməsi barədə xüsusi göstəriş vermişdi. Həmin vaxt almanların qəfil və sürətli hücumları ilə özünü itirən sovet qoşunları geri çəkilməkdə idi. Almaniyanın şimal qoşun hissələri Leninqrad ətrafına yaxınlaşanda Stalin vəziyyətin nə qədər ağır olduğunu anladı və dərhal Tsarskoye selodakı kəhrəba otağın köçürülməsi barədə göstəriş verdi. Lakin kəhrəba otaqdakı qiymətli əşyaları qablaşdırmağa və onun daşınmasına vaxt çatmadı. Kəhrəba otağın yerini dəqiq bilən və onun ələ keçirilməsi məqsədi ilə yaradılan xüsusi təyinatlı alman alayı qəfil hücumla Sarskoye seloya daxil oldu. Kəhrəba otağı ələ keçirən alman xüsusi təyinatlıları oradakı qiymətli sənət əşyalarını olduqca ehtiyatlı şəkildə qablaşdırmağa başladılar. 1941-ci ilin oktyabr ayında kəhrəba otaq maşınlara yüklənməyə başlandı. Kəhrəba otaqdakı əşyaların daşınması üçün almanlara 18 yük maşını lazım gəlmişdi. Kabinetin daşınmasına şəxsən rotmistr qraf Ernst-Otto- Solms-Laubax rəhbərlik edirdi. O, Frankfurt- Maynts şəhərindəki incəsənət əsərləri muzeyinin direktoru idi və tanınmış ekspert kimi hər əşyanın qablaşdırılmasına şəxsən nəzarət edirdi. Əvvəlcə, kəhrəba otaqdakı əsərləri maşınlarla Riqaya gətirdilər. Amma indiyə kimi məlum olmayan səbəblərə görə kəhrəba otağa aid olan əşyaların Riqada saxlanması qərara alındı. Halbuki Hitler kəhrəba otağın Almaniyaya məxsus olduğunu söyləyərək, onun Berlinə və ya digər iri şəhərlərdən birinə daşınması barədə göstəriş vermişdi. Tədqiqatçıların fikrincə, SSRİ-ni məğlub edəcəyinə əmin olan Hitler sonradan fikrini dəyişmiş və çox güman ki, o, Peterburqdakı (o dövrdəki Leninqrad) keçmiş çar sarayında təntənəli şəkildə onun açılışını etmək istəyibmiş. 1943-cü ilin ortalarında cəbhədə vəziyyət SSRİ-nin xeyrinə dəyişməyə başladı. Belə bir vəziyyətdə kəhrəba otağın Riqada saxlanılması onun yenidən rusların əlinə keçməsi demək ola bilərdi. Bunu nəzərə alan almanlar qiymətli yükü tələm-tələsik Köniqsberqə daşıdılar. Köniqsberqdə kəhrəba otağın daşınmasına məsul olan qaulyayter Erix Kox onu Dövlət İncəsənət Muzeyinin direktoru Alfred Rodeyə şəxsən təhvil verdi. Alfred Rode dərhal kəhrəba otaqdakı sənət incilərini üçün Yekaterina sarayından bir az kiçik olan 37 saylı xüsusi saray-qəsrdə yerləşdirdi. Kəhrəba əşyalar çariçanın sarayında olduğu qaydada yenidən otaqda yerləşdirildi. Çatışmayan birgə şey isə kəhrəba otağa xüsusi gözəllik verən şamların olmaması idi. Amma bir müddət sonra baş verən yanğın nəticəsində binaya böyük zərər dəydi. O vaxt kəhrəba otağın da yandığı barədə şayiə yayılmışdı. Lakin binanın inspektoru kəhrəba əşyalara zərər dəymədiyini və onların zirzəmiyə daşınaraq saxlandığını bəyan etdi. Həmin dövrdə SSRİ aviasiyası Köniqsberqi bombalamağa başlamışdı. Bombalardan biri də kəhrəba sənət əsərlərinin saxlandığı saray-qəsrə düşmüşdü. Tanınmış sənətşünas Herhard Ştraus həmin dövrdə kəhrəba otağa girişi olan çox az şəxslərdən biri idi. O, eyni zamanda Köniqsberqdə gizli şəkildə fəaliyyət göstərən antifaşist təşkilatı ilə sıx əlaqədə idi. Ştraus antifaşist təşkilatı üzvləri ilə söhbətində bombardman zamanı kərhəba kabinetə zərər dəymədiyini söyləmişdi. O: “Mən qəsrdə öz həmkarım doktor Rodeni gördüm. O mənə dedi ki, kəhrəba otaqdakı əşyalar qəsrin zirzəmisindədir və o, bombardman zamanı ciddi zərər görməyib”,-demişdi.

Kəhrəba otağa məxsus olan əşyaların gizlədilməsi ilə bağlı şübhə doğuran digər bir qəsr dəniz boyu uzanan Kəhrəba sahilində yerləşən qədim Loxştedt qəsridir. 1944-cü ilin sentyabr ayından başlayaraq, qəsrə Köniqsberqdəki arxiv əşyalarını, qiymətli sənət əsərlərini, o cümlədən müxtəlif kitabxanalardakı qədim kitabları gətirməyə başladılar. Onların arasında kəhrəbadan hazırlanan əşyalar da vardı. Ona görə də professor Ştraus kəhrəba otaqdakı qiymətli əşyaların bir hissəsinin adıçəkilən qəsrə gətirilə biləcəyini istisna etmir. Amma bu qəsri də almanlar özləri üçün möhkəmləndirilmiş müdafiə istehkamına çevirmişdilər.

Davamı var
Əziz Mustafa

Oxuməni.az