Stalinin ukraynalı oxşarı – başqaları kimi onu da güllələyəcəkmişlər, Stalin qoymayıb

Stalinin ukraynalı oxşarı – başqaları kimi onu da güllələyəcəkmişlər, Stalin qoymayıb

27 Oktyabr 2021 06:36
Bəyəndim (0) Bəyənmədim (0)

O, Ukraynanın Vinnitsa şəhərində kiçik bir idarədə sıravi mühasib işləyib. Siyasətdən və ictimai proseslərdən kənar olan Yevsey Lubnitski öz halal zəhməti ilə ailəsini çətinliklə dolandıran sadə sovet vətəndaşlardan biri olub. Amma onun bu sadə həyat tərzi 1935-ci ildə ağılasığmaz dərəcədə dəyişib. Mühafizə, xidməti personal, xidməti avtomobil, yüksək əmək haqqı, bağ evi, imtiyaz və güzəştlər sıravi mühasibi padşah səviyyəsinə qaldırıb.

Maraqlıdır, “şahlıq quşu” niyə məhz Yevsey Lubnitskinin çiyninə qonub?

1935-ci ilin yay günlərinin birində axşamdan xeyli keçmiş mühasibin kasıb daxmasının qapısı döyülüb. Mülki geyimdə olan bir neçə nəfər ona yığışmaq üçün 5 dəqiqə vaxt veriblər. Salamsız və girişsiz bu tələb Lubnitskini təəccübləndirsə də, onun əlavə sual verməsinə imkan verilməyib. Çağrılmamış qonaqların son dərəcə ciddi görkəmləri rəsmi şəxs təəssüratı yaratdığından mühasib tələbə əməl edərək zəruri əşyalarını çantasına yığıb.

962a551799ceb31b01caca2633d89395asdasdasd5ddf4b48260f23.98977218-650x433-962a551799ceb31b01caca2633d89395.jpg (72 KB)

Yevsey Lubnitski hərbi təyyarə ilə Moskvaya aparılıb. Şəhər kənarında yerləşən geniş, tam şəraitli bağ evində saxlanılıb. Səhərisi gün ona mədəni şəkildə həbs olunmasının səbəbi açıqlanıb və bildirilib ki, ondan Stalinin oxşarı kimi istifadə olunacaq.

Bağ evində ərzaq, geyim və digər gündəlik zəruri tələbatlarla yüksək səviyyədə təmin olunan Lubnitskiyə altı ay təlim keçirilib, dərzilər, kocmetoloqlar, psixoloqlar, həkimlər, saç ustaları bir-birlərini əvəzləyərək gecə-gündüz mühasibin üzərində işləyiblər. Nəhayət, “ikinci Stalin” yaradıldıqdan sonra əsl Stalin də həmin bağ evinə təşrif buyurub. Altı aylıq gərgin iş əsl Stalini qane edib. Mariya Pankovanın müəllifi olduğu “Tarixin ən müəmmalı 100 sirri” kitabında qeyd edilir ki, birinci Stalinlə ikinci Stalinin görüşün sonunda “uğurlu” işin şərəfinə bir qədəh konyak da içiblər.

Ümumiyyətlə, Stalinin oxşarları haqqında dəqiq informasiya olduqca azdır. Yəqin ki, bu da oxşarların öz missiyalarını yerinə yetirdikdən sonra öldürülmələri və onlarla bağlı sənədlərin məhv edilməsi ilə əlaqədardır. Araşdırmaçıların qənaətinə görə, Stalinin oxşarı rolunda əsasən beş nəfər olub. Sovet liderinin vəfatından sonra isə onlardan yalnız bir nəfər, Yevsey Lubnitski sağ qalıb.

8.jpg (75 KB)

Stalinin mühafizə rəisi Nikolay Vlasik öz xatirələrində sovet liderinin Yevsey Lubnitskiyə münasibətini aşağıdakı kimi açıqlayıb:

“Lubnitski sakit xarakterli bir adam idi. Stalin ona hörmətlə yanaşırdı. Onun üçün bütün şərait yaradılmışdı, təminat məsələsi ən yüksək səviyyədə idi. Lubnitski ilə bağlı ən vacib məsələ məxfilik idi ki, Stalin bu məsələdə də çox narahat deyildi. Amma buna baxmayaraq, “ikinci Stalin” tam nəzarətdə saxlanılırdı, hər dəqiqəsi onun üçün ayrılmız xüsusi nəzarətçilərin diqqətində olurdu. Yerişi, davranışı, hərəkəti, jest və mimikaları Lubnitski qısa bir zamanda mənimsəmişdi. Amma danışıq məsələsində kifayət qədər hiss olunacaq fərq var idi. O, əsasən əlamətdar günlərdə tribunada dayanardı, bir çox səfərlər zamanı Stalinin xidməti avtomobilində o gedirdi, Stalinin çıxışı, məruzəsi olmayan müəyyən tədbirlərdə də ikinci Stalin iştirak edirdi. Mən onu da yaxşı bilirdim ki, Lubnitski də missiyasını yerinə yetirdikdən sonra məhv ediləcək. Bu, Lavrenti Beriyanın dəsti-xətti idi, kimdənsə istifadə etmək və sonra bütün izləri itirmək üçün güllələmək. Amma iş elə gətirdi ki, məni Yevsey Lubnitskidən bir neçə ay əvvəl həbs etdilər. Sonradan mənə o da məlum oldu ki, Lubnitskini güllələmək qərarına gələndə Stalin buna imkan verməyib, sürgünə göndərilməsi ilə kifayətlənib. 1950-ci illərin əvvəllərindən başlayaraq Stalində çox sürətlə qocalma prosesi gedirdi ki, oxşarlıq tam fərqlənirdi. Bu da o demək idi ki, Lubnitski artıq lazım deyil...”

Beləliklə, Yevsey Lubnitskinin siyasi “karyera”sına 1952-ci ildə son qoyulub. 17 illik “hakimiyyət”indən sonra onu əvvəlcə Sibirə, daha sonra isə Orta Asiyaya sürgün ediblər. O, hər dəqiqə öz ölümünü gözləyib. Xüsusilə onu Stalinə çevirən mütəxəssislərin güllələndiyini eçidəndə mühasibin öz ölümünə qətiyyən şübhəsi qalmayıb.

dvojniki-stalina-1.jpg (111 KB)

Digər oxşarlardan fərqli olaraq Lubnitskinin bəxti gətirib. 10 illik sürgün həyatından sonra Yevsey Lubnitskini azadlığa buraxıblar. Ondan Orta Asiyanı tərk etməmək haqqında iltizam alınıb. Dəfələrlə öz doğma yurduna, Ukraynaya, Vinnitsa şəhərinə getməyə cəhd etsə də, müvafiq qurumlara müraciətlər ünvanlasa da, o, müsbət cavab almayıb.

1970-ci illərdə Yevsey Lubnitski mətbuata bir neçə dəfə müsahibələr verib. Bütün gizlinləri açmasa da, mühasib bəzi maraqlı məqamlara toxunub:

“Vyaçeslav Molotovun, Lazar Kaqanoviçin, Lavrenti Beriyanın və digər ən yüksək ranqlı Kreml məmurlarının tən ortasında dayanmaq, saysız-hesabsız insanların baxışlarının altında olmaq kimi məqamları sözlə ifadə etmək çətindir. Stalinin ən yaxın silahdaşları mənim kim olduğumu bilirdilər. Amma bilmirəm hansısa səbəbdənsə onlarla bir sırada dayananda bu şəxslər mənə nifrətlə baxırdılar. Belə düşünürdüm ki, onların əsl Stalinə də münasibətləri belə olub. İşim çox çətin və gərgin iş olsa da, maraqlı idi... ”

“İkinci” Stalin əsl Stalindən 28 il sonra, 1981-ci ildə Düşənbə şəhərində vəfat edib.Musavat.com