Andropovun əli ilə öldürülən bolqar yazıçı – “Çətir” əməliyyatı

Andropovun əli ilə öldürülən bolqar yazıçı – “Çətir” əməliyyatı

18 Sentyabr 06:28
140
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqar yazıçı Georgi Markov öz dövrünün tanınmış yazçılarından biri sayılıb. Gənc yaşlarından Bolqarıstan rəsmiləri arasında nüfuz qazanan yazıçı həmkarlarından fərqli olaraq ölkənin kommunist liderlərinin təşəbbüsü ilə Bolqarıstan Yazıçılar İttifaqına daha tez üzv seçilib. Amma çox keçməmiş yazıçının qələmi ölkə rəsmilərini ciddi narahat etməyə başlayıb. Xüsusilə də 1968-ci ildə Praqa hadisələrindən sonra, sovet qoşunlarının Praqaya yeridildiyi dövrdə.

Gerogi Markov 1929-cu ildə Sofiya şəhərində anadan olub. Gimnaziyanı bitirdikdən sonra Sofiya Dövlət Politexnik İnstitutunda ali təhsil alıb, kimyaçı mühəndis ixtisasına yiyələnib. İlk əmək fəaliyyətinə zavodda mühəndis-texnoloq kimi başlayan Georgi Markov, eyni zamanda Keramika Texnikumunda müəllim işləyib.

Texniki sahədə işləsə də, Markovun mütəmadi olaraq dövrü mətbuatda publisistik yazıları, oçerkləri dərc olunub. Artıq 1950-ci illərdə onun imzası tanınıb, yazıları maraqla qarşılanıb.

1959-cu ildə səhhətində problem yarananda Markov işindən ayrılmaq məcburiyyətində qalıb. Ağır dərəcəli vərəm xəstəsi olan yazıçının günləri müalicə müəssisələrində keçib. Məhz bu ərəfədə Markov bütün vaxtını və gücünü yaradıcılığa həsr edib.

1960-cı illərin əvvəllərindən başlayaraq Georgi Markovun yaradıcılığında kommunist rejiminə qarşı sərt fikirlər yer alıb. 1968-ci ildə Praqa hadisələrindən sonra isə o, kommunist rejimini diktatura rejimi adlandıraraq Bolqarıstanda da hökm sürən bu rejimi tənqid edib. Sözsüz ki, yazıçının bu cür cəsarəti Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Todor Jivkovun qəzəbinə səbəb olub.

Həmin ərəfədə Makrova susmağı üçün bir neçə dəfə xəbərdarlıq edilib. Xüsusi xidmət orqanları əməkdaşlarının nəzarətində olan yazıçıya susmadığı təqdirdə hər şeyi itirəcəyi də bildirilib. Bu xəbərdarlıqlardan sonra Markov onu gözləyən təhlükələri anlayaraq ölkədən getməyi qərarlaşdırıb. O, əvvəlcə İtaliyada yaşayan qohumlarının yanına gedib. Bir neçə aydan sonra isə yazıçı Londonda məskunlaşıb.

Çox qısa müddətdən sonra Markov Londonda “Bi-bib-si” radiostansiyasında işə düzəlib. Londonda rəsmi yaşamaq hüququ alıb. Bu hadisədən sonra Bolqarıstanda onun haqqında cinayət işi açılıb, məhkəmə yazıçının iştirakı olmadan onu 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Daha geniş efir imkanı qazanan Markov Bolqarıstandakı Todor Jivkom hakimiyyəti haqqında silsilə verilişlər hazırlayıb. Bolqarıstanda isə rəsmilərin qarşısında bir məqsəd dayanıb, bütün mümkün variantlardan istifadə edib Markovu susdurmaq.

Digər məsələlərdə olduğu kimi Todor Jivkov bu problemin aradan qaldırılması üçün də SSRİ-yə müraciət edib. Sonralar məlum olub ki, Leonid Brejnev Todor Jivkova Yuri Andropovla məsləhətləşməyi tövsiyə edib.

7 sentyabr 1978-ci ildə Markov axşam növbəsinə işə çıxıb. İş yerinin qarşısında maşınlar çox olduğundan o, avtomobilini bir az kənarda saxlayıb. Axşam saat 8-9 radələrində Markov avtomobilini iş yerinin qarşısına gətirmək üçün küçəyə çıxıb. Sıxlıq olan avtobus dayanacağının qarşısından keçəndə o, ayağına nə isə batdığını hiss edib. Adamların arasında əlində çətir olan bir nəfər, çətiri ona toxundurduğu üçün üzr istəyərək uzaqlaşıb. Markov maşını işinin qabağında yerləşdirdikdən sonra öz otağına qayıdıb. Bir-iki saatdan sonra o, özünü narahat hiss etməyə başlayıb, elə zənn edib ki, yorğunluğun əlamətidir. Səhəri gün isə yuxudan oyandıqda onun səhhətində ciddi problemlər yaranıb, halsızlıq, şiddətli baş və əzələ ağrısı, yüksək temperatur və s. Onu dərhal xəstəxanaya aparıblar. Həkimlərin dörd günlük səyinə baxmayaraq yazıçını xilas etmək mümkün olmayıb.

Markovun həyat yoldaşı müəmmalı ölümün səbəblərini araşdırmaq üçün meyitin yarılmasını xahiş edib. Bu prosedurdan sonra məlum olub ki, Markova ağır dozalı zəhərli maddə vurulub. Yazıçı ölməmişdən əvvəl xəstəxanada çətir məsələsini həyat yoldaşına danışıb. Ancaq bu faktı açmaq, çətirin kim tərəfindən Markova toxundurulduğunu müəyyənləşdirmək mümkün olmayıb. Beləliklə də yazıçının müəmmalı ölümü qapalı qalıb.

İllər sonra Bolqarıstanda sosialist rejimi süquta uğrayanda, 1992-ci ildə Markovun həyat yoldaşı bu məsələni yenidən qaldırıb. Ciddi araşdırmalar başlanılıb. Hadisə zamanı Bolqarıstanın xüsusi xidmət orqanlarında çalışanlar dindirilib. Məlum olub ki, Todor Jivkov Markovun aradan götürülməsini Bolqarıstanın daxili işlər nazirinin müavini Stoyan Savova və Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin 1-ci Baş İdarəsinin rəisi Vladimir Todorova həvalə edib. İşlə bağlı yenidən məhkəmə prosesi başlayıb. Prosesdən bir müddət əvvəl Stoyan Savov intihar etdiyindən müttəhimlər kürsüsündə yalnız Vladimir Todorov əyləşib. Hadisənin üstündən uzun illər keçdiyindən və bütün sənədlər hələ 1990-cı ildə məhv edildiyindən Todorov haqqında qaldırılan ittihamı tam sübuta yetirmək mümkün olmayıb. Ona yalnız işlədiyi müddətdə vəzifələrinin icrasında məsuliyyətsizliyə yol verdiyinə görə 10 ay həbs cəzası verilib.

Markovun necə öldürülməsinə isə daha dəqiq aydınlıq gətirən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq idarə rəisi, polkovnik Oleq Qordievski olub. O bildirib ki, Todor Jivkovla Yuri Andropov arasındakı məxfi söhbətdən sonra, şəxsən özü, ucuna yüksək dozalı zəhərli maddə yerləşdirilmiş çətiri Bolqarıstan xüsusi xidmət orqanlarının əməkdaşlarına verib.

Göründüyü kimi, SSRİ sosialist düşərgəsində olan ölkələrə təkcə hərbi və humanitar yardım deyil, həm də arzuolunmaz adamların aradan götürülməsində yardım edib.Musavat.com