Stalinin erməni katibəsi – Gizlicə Trotskiyə işləyən, həbs edilən Varsenika dilinin badına gedib

Stalinin erməni katibəsi – Gizlicə Trotskiyə işləyən, həbs edilən Varsenika dilinin badına gedib

8 Sentyabr 2021 06:25
Bəyəndim (0) Bəyənmədim (0)

Toplum kimi mövcud olduqları gündən ermənilərin arasında hiyləgərlikləri, ikibaşlı oyunları, fürsət yaranan kimi xəyanət etmələri, uyğun və layiq olmadıqları mövqeləri tutmaq üçün əl atdıqları çirkin əməlləri ilə tanınanlar çox olub. Erməni siyasi fəalların bu xasiyyəti həmişə, hər yerdə və bütün sahələrdə özünü biruzə verib. Bu cür tipik personajlardan biri də Varsenika Kasparyan (Varsenika Cavadovna Kasparova) olub.

V.Kasparyan 1888-ci ildə Şuşada anadan olub. 16 yaşında bolşeviklər partiyasına daxil olan Kasparyan Bakıda gizli fəaliyyət göstərən bolşevik təşkilatlarında fəaliyyət göstərib. O, Stepan Şaumyanın ən yaxın əlaltılarından biri olub. Məhz Şaumyanını tapşırığı ilə o, tez-tez mərkəzə göndərilib və bu tapşırıqların icrası zamanı Varsenika Kasparyan Leninlə şəxsən tanış olmağa da imkan tapıb.

Ara-sıra “Pravda” qəzetində çıxışlar edən erməni qadın Şaumyanın dəstəyi ilə qırmızı ordu bölmələrində siyasi rəhbər kimi xidmətə etməyə başlayıb.

Bir müddət keçdikdən sonra, 1922-ci ildə İosif Stalin partiyanın baş katibi vəzifəsinə seçiləndə Varsenika Kasparyan onun da lap yaxın ətrafına yol tapa bilib. O, Stalinin katibəsi vəzifəsində işləyib. Kasparyan eyni zamanda “Komintern”in də (ayrı-ayrı ölkələrin kommunist partiyalarını birləşdirən beynəlxalq təşkilat, 1919-1943) beynəlxalq qadınlar şöbəsinin şərq bölmsinə rəhbərlik edib.

stalin_201010211243280.jpg (83 KB)

Mövcud mürəkkəb ictimai-siyasi vəziyyətdə mövqeyini möhkəmləndirmək üçün Varsenika Kasparyan Lev Trotskinin tərəfdaşları ilə də gizli əlaqələr yaradıb. Məqsəd Stalinin devriləcəyi təqdirdə Trotski komandasında yeni vəzifəyə sahib olmaq olub. Amma Kasparyanın bu ikibaşlı oyunu onun özünü tələyə salıb. Belə ki, trotskiçilər hakimiyyəti ələ keçirə bilməyəndə komanda üzvlərinin bəziləri ölkədən qaçıb, bəziləri həbs olunub, bəziləri isə ən ağır cəzaya, edama məhkum olunublar.

Bu ərəfədə aparılan araşdırmalar zamanı məlum olub ki, Varsenika Kasparyan da Trotskiyə işləyib. Fakt aşkarlandıqdan və təsdiq olunduqdan sonra Kasparyan 1928-ci ildə Kurqana sürgün edilib.
Varsenika Kasparyan vəziyyətdən çıxış yolu tapmaq üçün bütün mümkün variantlara əl atıb. O, dəfələrlə Mərkəzi Komitəyə əfv olunması ilə bağlı məktublar göndərib və sonda İosif Stalinə müraciət edib. Stalinə müraciətində Varsenika siyasi əqidəsinin tam dəyişdiyini və bundan sonra partiyaya, Stalinə sədaqətılə xidmət edəcəyini bildirib. Bu müraciətdən və Anastas Mikoyanın Stalinə xahişindən sonra Varsenika Kasparyan azadlığa buraxılıb.

unnamed.jpg (52 KB)

Həbsxanadan böyük arzu və xəyallarla çıxan Varsenika Kasparyan yeni vəzifə alacağına ümid edib. Lakin Kreml ona heç bir vəzifə verməyib.

Özünə qarşı bu laqeyd münasibətdən qıcıqlanan və hiddətlənən Varsenika Kasparyan işlə bağlı “imtina” cavablarından sonra müəyyən dairələrdə Stalinə qarşı mənfi təbliğata başlayıb. Onun əsas “şüar”larından biri Stalinin xəyanətkar və nə vaxtsa çar mühafizəsinin agenti olması barədə olub. Əslində bu məsələ həm Stalinin hakimiyyəti dövründə, həm də onun vəfatından sonra dəfələrlə araşdırılıb və bu fakt öz təsdiqini tapmayıb.

Varsenika Kasparyanın bir il ərzində sərsəmləməsi Kremli təngə gətirəndə onu yenidən həbs ediblər. Bu dəfə Mikoyan ona kömək edə bilməyib. O, 10 il azadlıqdan məhrumetmə və 5 il sürgün cəzasına məhkum edilib. Varsenika Kasparyan cəzasını Orlov həbsxanasında çəkib.

Orlov həbsxanasında olarkən Varsenika Kasparyan Stalin əleyhinə təbliğatını məhbubuslar arasında da aparıb. Bu haqda mütəmadi olaraq Stalinə məruzə edilib.

Sovet-alman müharibəsi başlananda Lavrenti Beriya Stalinə “məxfi” qrifli məktub ünvanlayıb. Məktubda həbsxanalardakı vəziyyət təhlil edilib. Orlov həbsxanası xüsusi abzasda qeyd olunub, göstərilib ki, alman faşistlərinin SSRİ-yə hücumu həbsxanalardakı antikommunist ruhlu məhbusların fəaliyyətini canlandırıb, onlar dəfələrlə qiyam etməyə, həbsxanadan qaçmağa, qaçdıqdan sonra isə almanlar tərəfə keçməyə hazırlaşırlar. Beriya Stalindən həmin şəxslərin güllələnməsinə icazə istəyib və müvafiq siyahı təqdim edib. Siyahıda Varsenika Kasparyanın adı ilk sıralarda olub.

Stalin Beriyanın məktubu ilə tanış olub, onu diqqətlə oxuyub, siyahıda olanların kimliyi ilə maraqlanıb. Uzun müzakirələr aparılmadan Stalin məktubun üzərinə dərkənar qoyub: “Siyahıda adları göstərilən şəxslərin cinayət işləri hərbi kollegiyaya təqdim edilsin və yenidən baxılsın”. Bu isə o demək olub ki, siyahıdakı şəxslərin cinayət işləri hərbi kollegiyaya təqdim edildikdən sonra onlar haqqında növbəti cəza, güllənlənmə hökmü çəxarılacaq.

Beləliklə, 1941-ci ilin sentyabrın 25-də Beriyanın “siyahı”sı hərbi tribunala ötürülüb. O cümlədən cinayət işinə yenidən baxılması üçün Varsenika Kasparyanın da sənədləri kollegiyaya verilib. 8 oktyabr 1941-ci ildə hərbi tribunal siyahıda olanlar haqqında yeni qərar verib – güllələnmək.

Kollegiyanın qərarı telefonoqramla Orlova göndərilib. Elə həmin gün hökmün icrası yerinə yetirilib. İkibaşlı oyun oynayan Varsenika Kasparyan Orlov həbsxanasında birdəfəlik susdurulub.

Qeyd edək ki, Orlov həbsxanasında keçirilən güllənmə prosesindən bir neçə gün sonra Orlov almanlar tərəfindən işqal edilib. Musavat.com