Susqunluğuna görə 13 il həbsə məhkum edilən birinci katib – Voronkov Kreml çəkişmələrinin qurbanı olub

Susqunluğuna görə 13 il həbsə məhkum edilən birinci katib – Voronkov Kreml çəkişmələrinin qurbanı olub

3 Sentyabr 2021 06:24
Bəyəndim (0) Bəyənmədim (0)

Lefertovo həbsxanasında davam edən uzun-uzadı istintaqda, dindirmə prosesində o, heç kimin əleyhinə bir kəlmə də olsun ifadə verməyib. 22 il Soçi şəhər Partiya Komitəsinin birinci katibi olan Vyaçeslav Voronkov Kremlin kadr oyunlarda “zəif bənd” kimi istifadə olunduğunu anlayaraq heç kimi güdaza verməyib...

Stavropol və Krasnodar diyarları sovet dövründə SSRİ-nin ən “maraqlı” bölgələrindən biri sayılıb. Belə ki, ölkənin ən məşhur kurort şəhərləri bu diyarlarda olduğundan bölgə sıravi vətəndaşlarla yanaşı, sovet liderləri, Siyasi Büro üzvləri, Mərkəzi Komitənin katibləri və şöbə müdirləri, nazirlər, komitə sədrləri üçün də istirahət və müalicə yerinə çevrilib.

Stalindən başlamış Qorbaçova qədər siyasi birincilərin bu məkanlarda xüsusi istirahət evləri olub. 1970-ci ilin əvvəllərindən başlayaraq Mərkəzi Komitənin yüksək ranqlı məmurlarının bir çoxu Stavropolu və Krasnodarı qeyri-rəsmi öz nəzarətində saxlamağa cəhd edib. Amma bölgə iki nəhəngin arasında “bölüşdürülüb”. Krasnodara baş katib Leonid Brejnev, Stavropola DTK sədri Yuri Andropov “əl” qoyub. Bu diyarlara vəzifə təyinatları da məhz bu şəxslərin təşəbbüsü ilə həyata keçirilib. Amma bu “bölgü”yə baxmayaraq, Brejnevlə Andropov arasında üzdə görünməyən bir qarşıdurma da hökm sürüb.

Andropov DTK sədri təyin olunduqdan sonra SSRİ-də baş alıb gedən korrupsiyaya qarşı mübarizəyə başlayanda Krasnodar və Stavropoldakı vəziyyəti də diqqətindən kənarda qoymayıb. İlin bütün fəsillərində bu diyarlarda olan kurort şəhərlərinə turistlərin, müalicə və istirahətə gələnlərin axını Soçidə, Gelencikdə, Yesentukidə, Koslovodskda, digər kurortlarda, o cümlədən elə Stavropol və Krasnodar şəhərlərində qeyri-qanuni gəlir əldə etmək üçün şərait yaradıb. İctimai iaşə obyektlərində, turist mərkəzlərində, əyləncə məkanlarında, sanatoriya və pansionatlarda sözün əsl mənasında şıdırğı alver gedib. Kurort şəhərlərində istənilən defisit malları (əsasən ərzaq və içkiləri) tapmaq mümkün olub. Bu şərait Andropova Krasnodar diyar Partiya Komitəsinin birinci katibi, Brejnevin ən yaxın adamlarından biri sayılan Sergey Medunovu vəzifədən götürmək şansı verib. Amma Brejnevin müdaxiləsi DTK sədrinin planını alt-üst edib. Andropov Krasnodarı öz nəzarətinə sala bilməyib.

Stavropolda isə vəziyyət Andropovun ürəyincə olub. Stavropol diyar Partiya Komitəsinin birinci katibi Mixail Qorbaçov DTK sədrinin ən etibarlı kadrlarından biri kimi tanınıb.

Kremldə yaranmış “kadr” gərginliyinə baxmayaraq Andropov “kurort” oyunlarını davam etdirib. Medunova qarşı açıq mübarizəyə başlayan DTK sədri bu dəfə fərqli bir üsula əl atıb. Balıq Təsərrüfatı Nazirliyində rüşvətxorluq faktlarına görə başlanan “Balıq işi”ndə Andropov qarmağını Soçiyə atıb. Belə ki, “Balıq işi”nin bir ucu Soçi şəhərindəki “Okean” mağazasına çatanda və mağazanın müdiri Arsen Pruidze həbs olunanda o, əldə etdiyi qeyri-qanuni gəlirlərin bir hissəsini Soçi şəhər Partiya Komitəsinin birinci katibi Vyaçeslav Voronkova verdiyini bildirib. Bu ifadədən sonra heç bir dərin istintaq araşdırması aparılmadan Vyaçeslav Voronkov həbs edilərək “Lefertovo” həbsxanasına salınıb. Birinci katibə “təklif” edilib ki, o, birbaşa tabeliyində olduğu Krasnodar vilayət Partiya Komitəsinin birinci katibi Medunavun əleyhinə ifadə versə sərbəst buraxılacaq. Voronkov düşünmədən bu “təklif”i rədd edib.

Voronkovun mənzilində və bağ evində axtarış aparılarkən 10 min rubl pul və çox az bir miqdarda zinət əşyaları tapılıb. İstintaq zamanı birinci katib bunları öz halal zəhməti ilə qazandığını sübut etməyi bacarıb. Belə ki, uzun illər müxtəlif vəzifələrdə çalışan Voronkov partiya biletində qeyd olunan əmək haqlarını hesablayaraq, bu illər ərzində qazandığı pulların ümumi məbləğini ortaya qoya bilib. Bütün bunlara baxmayaraq o, 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Vyaçeslav Voronkov 1925-ci ildə Saratovda anadan olub. Moskva Mühəndis-Tikinti İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra təyinatını Soçi şəhərinə alıb. O, Soçidə laboratoriya müdiri, zavod direktoru, şəhər İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyib. 1955-1977-ci illərdə Soçi şəhər Partiya Komitəsinin birinci katibi olub.

Soçi şəhərinin beynəlxalq statuslar alması, beynəlxalq dərəcəli kurort şəhərinə çevrilməsi, yeni mikrorayonların və “Rivera” sahil parkının salınması, şəhər sirkinin, “Festivalnı” konsert zalının, “Soçi” stadionunun, mehmanxanaların, kinoteatrların inşası və fəaliyyətə başlaması, şəhərin tam qazlaşdırılması, bir sözlə, bu şəhərin bütün inkişafı məhz Vyaçeslav Voronkovun adı ilə bağlı olub. Amma Kreml çəkişmələri onun bütün xidmətlərinin üstündən xətt çəkərək əvəzində Voronkovu “13 il”lə mükafatlandırıb.

Kadr çəkişmələrinin əsas hədəfləri olan Stavropol və Krasnodar diyarlarının rəhbərləri Medunov və Qorbaçov isə fəaliyyətlərini Moskvada davam etdiriblər. Qorbaçov Mərkəzi Komitənin katibi (sonralar baş katib), Medunov isə nazir müavini vəzifələrində.

Vyaçeslav Voronkov cəzasını çəkdikdən sonra yenidən Soçiyə qayıdıb. Ömrünün son illərini qurub-yaratdığı bu şəhərdə keçirib. Sabiq birinci katib 2009-cu ildə, 84 yaşında vəfat edib. Yazdığı vəsiyyət nəzərə alınaraq o, Soçidə dəfn edilib. Musavat.com