Fikrət Tabeyevin “tam məxfi” statuslu illəri – Babrək Karməl SSRİ səfirindən asılı vəziyyətdə olub

Fikrət Tabeyevin “tam məxfi” statuslu illəri – Babrək Karməl SSRİ səfirindən asılı vəziyyətdə olub

24 Avqust 2021 06:21
Bəyəndim (0) Bəyənmədim (0)

1979-cu ilin noyabrın 8-də Tatarıstan vilayət Partiya Komitəsinin birinci katibi Fikrət Tabeyevin Kremlə təcili dəvət olunması onun üçün gözlənilməz olub. Adətən Moskvaya təcili dəvətlər cəzalandırma, yaxud da mükafatlandırma, rəhbərlik etdiyin bölgədə fövqəladə hadisə baş verəndə, və ya yeni təyinat zamanı olub.

Fikrət Tabeyev SSRİ-nin ən yaxşı birinci katiblərindən sayılıb və cəzaya layiq heç bir nöqsanı olmayıb. Birinci katibin yubileyi, yaxud da muxtar respublika üçün əlamətdar bir gün yaxınlaşmayıb, yəni mükafatlandırma üçün də bir əsas olmayıb. Muxtar respublikasının ərazisində heç bir fövqəladə hadisə də baş verməyib. O ki qaldı yeni təyinat məsələsinə, Fikrət Tabeyev yeni bir vəzifə də gözləməyib. Bu düşüncələrlə Moskvaya yetişən birinci katibi Mərkəzi Komitədə Mixail Suslov qarşılayıb. Muxtar respublikada ümumi vəziyyətlə bağlı kiçik fikir mübadiləsindən sonra Suslov mətləbə keçib:

“Bizə Əfqanıstanda SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə güclü bir siyasətçi lazımdır. Mərkəzi Komitə rəhbərliyinin qənaətinə görə bu vəzifəyə ən layiqli və uyğun şəxs sizsiniz. Vacib amillərdən biri odur ki, siz müsəlmansınız, Mərkəzi Komitənin üzvüsünüz, o cümlədən həm də bir çox Asiya və Afrika beynəlxalq təşkilatlarının üzvüsünüz, dini baxışlarınız şəffafdır. Siz Tatarıstanda böyük işlər görüb, bu illər ərzində muxtar respublikanın sosial-iqtisadi, humanitar və mədəni inkişafında böyük xidmətləriniz olub. Bununla yanaşı sizin milli və dini münasibətlərə baxışlarınız digərlərindən fərqli olaraq daha mükəmməldir...”

Fikrət Tabeyev üçün bu təklif gözlənilməz olsa da, bu fikirlərin Mərkəzi Komitədə ikinci şəxs sayılan Suslov tərəfindən deyilməsi onun üçün başqa çıxış yolu qoymayıb. O, təklifə müsbət münasibətini bildirdikdən sonra Suslov onu Leonid Brejnevin kabinetinə aparıb.

Baş katiblə görüşünü Tabeyev öz memuarlarında belə xatırlayıb:

“Mixail Suslovla görüşümüzdən sonra biz baş katibin yanına getdik. Brejnev iri iş masasının arxasından çıxaraq mənə yaxınlaşdı, mehribanlıqla görüşdü. Suslov mənim bu vəzifəyə getməyimə etiraz etmədiyimi ona bildirəndə Brejnev təbəssümlə dedi:

-Mənim Fikrətlə bağlı heç vaxt heç bir şübhəm olmayıb.

Baş katibin kabinetində qısa təlimat aldıqdan sonra məni Xarici İşlər Nazirliyinə göndərdilər. Noyabrın 10-da yeni vəzifəmin icrasına başladım...”

Milliyətcə tatar olan Fikrət Tabeyev 1928-ci ildə Ryazanda anadan olub. Orta məktəbi bitirdikdən sonra Kazan Dövlət Universitetində ali təhsil alıb. 1951-1957-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olub. Sonra fəaliyyətini partiya orqanlarında davam etdirib. 1959-cu ildə Tatarıstan vilayət Partiya Komitəsinin ikinci katibi, 1960-1979-cu illərdə birinci katibi vəzifələrində işləyib. O, SSRİ-də ən gənc vilayət partiya komitəsinin birinci katibi olub. 19 il ərzində Fikrət Tabeyev Tatarıstan Muxtar Respublikasında böyük uğurlara imza atıb, neft və kimya sənayesinin inkişafında xüsusi xidmətlər göstərib, yeni zavodlar və fabriklər işə salınıb, əhalinin sosial rifahı nəzərəçarpacaq dərəcədə dəyişib, muxtar respublikanın adı SSRİ-də ən yüksək göstəricilərin siyahısında öndə dayanıb. “KAMAZ” zavodu da məhz onun dövründə inşa edilib.

Bütün bu gərgin fəaliyyətdən sonra isə onu daha gərgin bir iş, Əfqanıstan illəri gözləyib.

Yeddi illik Əfqanıstan həyatının hər günü Fikrət Tabeyev üçün təhlükəli olub. Tatarıstanın sosialist həyatında rahatlıqla quruculuq işləri ilə məşğul olan Tabeyevin birdən-birə qanlı bir məkana düşməsi onun üçün kifayət qədər böyük çətinliklər yaradıb.

Bütün fəaliyyətini partiya və təsərrüfat işlərində keçirən və bir gün də olsun diplomatik fəaliyyəti olmayan Tabeyev üçün Əfqanıstan həyatı çox dəhşətli görünüb. Digər bir tərəfdən SSRİ-nin Əfqanıstanla bağlı məxfi “oyun”ları da onu çaşdırıb. Məsələn, o, noyabrın 22-də öz etimadnaməsini Nafizulla Əminə təqdim edəndə onların arasında anlaşıqlı və xoş münasibət yaranıb. Bu görüşdən bir neçə gün sonra Hafizulla Əminin səhhətində ciddi problemlər yarananda Əfqanıstan lideri kömək üçün Tabeyevə müraciət edib. Səfir öz həkimini onun yanına göndərib. Müayinələrdən sonra məlum olub ki, Əmini zəhərləyiblər. Zəhərlənmənin törədəcəyi fasadların qarşısı vaxtında alınıb. Tabeyevin xəbəri olmayıb ki, Əmini sovet xüsusi xidmət orqanlarının əməkdaşları zəhərləyiblər ki, onu aradan itkisiz, hərbi əməliyyatsız götürsünlər.

Nəcbulla Əminin iqamətgahına hücum əməliyyatından da Tabeyevin xəbəri olmayıb. Yalnız iqamətgahda atışma gedən zaman səfirə bu haqda məlumat veriblər. Tabeyev baş verən hadisələrdən niyə xəbərsiz olduğunu Xarici İşlər Nazirliyinin rəhbərliyinə irad kimi bildirəndə, nazirlikdən belə cavab alıb: “DTK-nın keçirdiyi bütün əməliyyatlar tam məxfi saxlanılır”.

Amma nədənsə sonralar Əfqanıstanda istər DTK, istərsə də hərbi qoşunlar tərəfindən keçirilən əməliyyatların hesabatını səfirdən istəyiblər.

Bütün bu mürəkkəb vəziyyət, qarşılıqlı anlaşılmazlıqlar Fikrət Tabeyevin iradəsini əzə bilməyib, təhlükələr onu qorxutmayıb. Əlbəttə, kifayət qədər güclü mühafizəsi və mühafizə olunan iqamətgahı olan səfir elə qapalı şəkildə də öz işini idarə etmək imkanında olub. Amma o, kabinet səfiri kimi tanınmaq istəməyib.

Səfir Əfqanıstanın bütün əyalətlərini gəzib, keçiriləcək hərbi əməliyyatlarla əvvəlcədən tanış olub, tez-tez əhali, o cümlədən sovet hərbi kontingentinin şəxsi heyəti arasında görünüb. Mürəkkəb bir vəziyyətdə danışıqlar aparmaq, təchizat və təminatla məşğul olmaq, yaralı sovet hərbçilərinin müalicəsini təmin etmək, meyitlərin SSRİ-yə daşınması üçün tədbirlər görmək, Moskvaya təfərrüatlı məruzələr ötürmək Tabeyevə heç də asan başa gəlməyib.

Nəzərə alsaq ki, həmin ərəfədə SSRİ-nin Əfqanıstandakı səfiri bu ölkədə olduqca vacib simalardan biri, Kremlin nümayəndəsi sayılıb, bu vəzifəni daşıyan şəxsin nə qədər böyük məsuliyyət daşıdığını da hiss etmək çətin olmaz.

Fikrət Tabeyev son dərəcə məsuliyyətli bir adam olub. O, istənilən bir məsələnin ən kiçik detallarına belə çox böyük diqqətlə, ciddiliklə yanaşıb.

SSRİ xalq artisti İosif Kobzon sovet hərbçiləri qarşısında konsert vermək üçün Əfqanıstana səfər edəndə, səfirlə onun arasında problem yaranıb. Tabeyev Kobzonu təhlükəli mövqelərdə dislokasiya olunan sovet hərbçilərinin qarşısında çıxış etməyə icazə verməyib, bildirib ki, bu konsert yalnız birbaşa Mərkəzi Komitənin icazəsi ilə baş tuta bilər. Kobzon mübahisəni şəxsi nüfuzundan istifadə edərək bir telefon zəngi ilə həll edib. O, səfirlikdən müdafiə naziri Dmitri Ustinova zəng vurub, marşal məsələdən agah olandan sonra konsertə icazə verib. Bu “insident”dən sonra Tabeyevlə Kobzonun arasında dostluq münasibətləri yaranıb.

Fikrət Tabeyev sovet hərbçilərin həlak olmasını çox böyük ağrı ilə qəbul edib. 5 sentyabr 1981-ci ildə Əfqanıstanda ilk sovet generalı Vadim Xaxalovun əfqan mücahidləri tərəfindən məhv edilməsi isə səfiri daha qətiyyətli addımlar atmağa məcbur edib. O, 40-cı ordunun qərargahında cavab əməliyyatının hazırlanmasında iştirak edib, həmin əməliyyatın təcili keçirilməsi üçün Tabeyev Moskvadan razılığı da özü alıb. Generalın qisası yerdə qalmayıb.

Fikrət Tabeyev cəsarətli bir diplomat kimi yadda qalıb. Dəfələrlə onun xidməti avtomobili mücahidlər tərəfindən atəşə tutulsa da, o, əyalətlərə, sovet hərbi kontingentinin hərbi hissələrinə səfərlərini ixtisara salmayıb. Mücahidlərin planında onu girov götürmək də olub. Bu haqda Tabeyevin özü də bilib. Amma səfir öz vəzifə borcunu yerinə yetirməyi hər şeydən üstün sayıb.

Səfir öz memuarlarında onu gözlədiyi təhlükələrdən də yazıb:

“Hər dəfə səfirlikdən çıxanda bir daha bu binaya qayıtmayacağımı da düşünürdüm. Əfqanıstanda hər addımda ölüm qorxusu var idi. Mən bu ölkəyə öz həyat yoldaşımı da gətirmişdim. Daha doğrusu, buna o məni məcbur etmişdi. Ölüm təhlükələrini nəzərə alaraq günlərin birində Mixail Qorbaçova bir məktub yazdım, xahiş etdim ki, biz Əfqanıstanda həlak olsaq, dövlət bizim uşaqlarımızı öz himayəsinə götürsün. Amma məktubu göndərmədim, Əfqanıstandakı sonuncu iş gününə qədər o, iş masamın siyirməsində qaldı. Sonda isə heç göndərməyə də ehtiyac qalmadı...”

Fikrət Tabeyev Əfqanıstanda keçirdiyi illəri ömrünün ən ağır illəri sayıb. Həm də ona görə ki, 7 il ərzində Əfqanıstanda baş verən hadisələri heç kimə danışa bilməyib, yaza bilməyib, özü qeyd etdiyi kimi, həmin illərdəki günlərin hamısı “tam məxfi” statusunda olub.

Babrək Karməl Mixail Qorbaçov tərəfindən Əfqanıstan rəhbərliyindən uzalaşdırıldıqdan sonra fəaliyyətsizlikdə tənqid olunanda əfqan lideri bu məsələdə Fikrət Tabeyevi günahlandırıb:

“Mən hakimiyyətdə olduğum dövrdə heç vaxt müstəqil qərar vermək səlahiyyətim olmayıb. Bütün məsələlər Fikrət Tabeyevlə razılaşdırılmalı idi. Bəli, Əfqanıstanı faktiki olaraq o idarə edirdi...”

1986-cı ildə səfir vəzifəsindən geri çağrıldıqdan sonra Fikrət Tabeyev Rusiya Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilib, Ali Sovetin deputatı seçilib.

Ömrünün son illərini memuarlarını yazmağa həsr edən Tabeyev 2015-ci ildə uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib. O, Moskvada Danilov müsəlman qəbiristanlığında dəfn olunub. Musavat.com