Əfqanıstan həqiqətlərini açıqlayan, rusların ermənilərə silah ötürməyini tənqid edən sovet generalı- Tarixi faktlar

Əfqanıstan həqiqətlərini açıqlayan, rusların ermənilərə silah ötürməyini tənqid edən sovet generalı- Tarixi faktlar

20 Avqust 2021 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

Sovet dövründə ali rütbəli hərbçilər istefaya göndərildikdən sonra adətən öz memuarlarını yazmaqla məşğul olublar. Xüsusilə sovet-alman müharibəsindən sonra marşal və generalların xatirələr yazmağı ənənəyə çevrilib. Ordu generalı İqor Rodionov isə yüksək hərbi vəzifədə ola-ola memuarlarını yazıb, vaxtaşırı yazdıqlarını jurnalistlərlə bölüşüb. Mətbuata açıq olması Rodionava böyük problemlər yaradıb. Bununla yanaşı, general ən mötəbər müşavirələrdə orduda mövcud olan problemlərdən danışmaq, bu problemləri yaradanları sərt tənqid etməkdən də çəkinməyib...

İqor Rodionov 1936-cı ildə Saratovda anadan olub. Orta məktəbi bitirdikdən sonra Frunze adını Hərbi Məktəbdə oxuyub. Daha sonra təhsilini Malinovski adına Hərbi Texniki Akademiyada və Baş Qərargahın Voroşilov adına Hərbi Akademiyasında davam etdirib.

Hərbi xidmətini SSRİ-nin ayrı-ayrı bölgələrində, Almaniyada və Çexoslovakiyada keçən Rodionov 1985-ci ilə qədər daha çox “dəmir diviziya” adı ilə məşhur olan 24-cü motoatıcı diviziyanın komandiri kimi yadda qalıb. 1985-ci ildə o, Əfqanıstana, sovet hərbi kontingentinə, 40-cı orduya komandan təyin edilib. Rodionov üçün bu təyinat gözlənilməz olub. General öz memuarlarında bu gözlənilməz təyinat və Əfqanıstandakı 1 illik xidməti haqqında təəssüratlarını belə bölüşüb:

“Uzaq Şərq hərbi dairəsində komandan vəzifəsində xidmət edirdim. 1985-ci ilin aprel ayının 2-si idi. Moskvadan telefonoqrama aldım ki, aprelin 4-də Mərkəzi Komitədə olmalıyam. Həmin vaxt general-leytenant rütbəsində idim. Deyilən vaxtda Kremldə oldum. Məni baş katibin kabinetinə dəvət etdilər, bütün siyasi və hərbi elita Mixail Qorbaçovun kabinetində idi. Məsələni mənə qısa və konkret başa saldılar, bildirdilər ki, məni Əfqanıstandakı 40-cı orduya komandan təyin edirlər. Əslində bu mənim ürəyimcə deyildi. Məndən əvvəlki dörd komandan general-mayor rütbəsində olmuşdu. Mən isə general-leytenant rütbəsində bu vəzifəyə təyinat alırdım. Bu isə mənim hərbi karyeram üçün ürəkaçan təyinat deyildi. Amma sözsüz ki, heç bir müzakirə açmadan bir hərbçi kimi təyinatı qəbul etdim. İki gündən sonra artıq Kabulda idim. Ordu komandanı kimi müstəqil qərar qəbul etmək ixtiyarım yox idi. Ən adi məsələləri belə Əfqanıstan Demokratik Respublikasının silahlı qüvvələrinin baş hərbi müşaviri, ordu generalı Qriqori Salmanovla razılaşdırmalı idim. Salmanov da bu vəzifəyə Moskvadan yenicə təyinat almışdı. Vəzifə ranqına görə o, məndən bir pillə üstün idi. İlk tanışıqlığımızda aramızda anlaşma oldu və bir həftə keçməmiş biz hərbi əməliyyatlara başladıq.

Əfqanıstandakı sovet hərbi kontingentinin fəaliyyətinin ümumi mənzərəsi heç də xoşagələn deyildi. Birincisi, SSRİ-yə daşınan meyitlər, ikincisi Əfqanıstandan SSRİ-yə axan informasiyalar, üçüncüsü Əfqanıstan müharibəsindən öz məqsədləri və karyeraları üçün istifadə edən ali rütbəli hərbçilər haqqında yayılan məlumatlar ordu haqqında mənfi fikir formalaşdırırdı. Mixail Qorbaçovun ordu ilə bağlı yürütdüyü siyasəti isə bir peşəkar hərbçi, bir general kimi mən anlaya bilmirdim. Mərkəzi Komitəyə informasiya SSRİ-nin Əfqanıstandakı səfirliyindən gedirdi. Bu səfirlikdə Mərkəzi Komitənin, DTK-nın xüsusi nümayəndələri də var idi. Mən həm də mütəmadi olaraq SSRİ Silahlı Qüvvələrin Baş Qərargahına məruzələr edirdim. Həmçinin 40-cı ordunun tabe olduğu Türküstan Hərbi Dairəsinin komandanına da məruzə etmək vəzifə borcum idi. Bir sözlə, hərbi əməliyyatlardan daha çox məruzə etməklə məşğul olmaq məcburiyyətində idim. Və günlərin birində mənə məlumat gəldi ki, Cənub istiqaməti üzrə “stavka”ya təyin olunmuş general Zaytsev Kabula gəlir. Bu “stavka”ya Türküstan və Zaqafqaziya Hərbi Dairələri tabe idilər. Belə çıxırdı ki, məruzələr siyahıma bir nəfərin də adı artırılırdı. Zaytsev düz altı ay Kabulda qaldı. “Stavka”nın mərkəzi isə Bakıda yerləşirdi. Zaytsevlə birgə xidmət etmək mənin üçün ciddi problemlər yaradırdı.

O çox vaxt mənim kreslomda əyləşib hərbi hissələrə əmrlər verir, hərbi əməliyyatları idarə edirdi və heç vaxt əməliyyatlar mənimlə razılaşdırılmırdı. Hərbi əməliyyatlara isə cavabdehliyi birbaşa mən daşıyırdım. Zaytsev birinci qəhrəman ulduzunu, Sovet İttifaqı Qəhrəmanı adını Ustinovun təqdimatı ilə almışdı, ikincisini isə Əfqanıstanda qazanmaq istəyirdi. Mən aramızda yaranan anlaşmazlıq və problem haqqında Mərkəzi Komitəyə və Müdafiə Nazirliyinə məruzə etmişdim, amma heç bir reaksiya verilməmişdi. Çünki Zaytsev Qorbaçova elə təqdim edilmişdi ki, guya o, Əfqanıstanda bir ay ərzində bütün məsələləri yoluna qoyacaq. Zaytsev isə saysız hesabsız itkiləri vecinə almırdı, hərbi əməliyyatlar zamanı onun səriştəsizliyi ucbatından bizim hərbçilərimiz əziyyət çəkirdilər.

Amma hər şeyin sonu olduğu kimi Zaytsevin Əfqanıstandakı “padşahlığının” da sonu oldu və bu böyük faciə ilə yekunlaşdı. Hərbi əməliyyatların birində Zaytsev yenə də özbaşına əməliyyata başçılıq edirdi. Əməliyyat elə bir ərazidə keçirilirdi ki, aşağıda temperatur müsbət 30 olanda, gecələr həmin ərazinin dağ hissəsində temperatur sıfır dərəcəyə enirdi. Zaytsev göstəriş vermişdi ki, sovet hərbçiləri mücahidləri dağların ən yüksək zirvəsinə qədər qovsunlar və artıq onlar çıxış yolu tapmayanda yerindəcə məhv etsinlər . On doqquz saat davam edən əməliyyatda bir alay dağların zirvəsinə qədər qalxdılar. Qızğın döyüşlər getdi, itkilər də oldu, yaralılar da. Gecə yarısı heç bir hazırlığı, isti paltarları olmayan alayın döyüşçülərinin yarısı həmin gecə soyuqdan öldülər. Səhəri gün meyitləri çıxarmaq üçün başqa bir alayın hərbçiləri işə başladılar. Meyitlərin çıxarılması zamanı 18 nəfər mücahidlər tərəfindən güllələndi. Bu hadisədən Zaytsev bərk qorxuya düşmüşdü və o, bütün günahları alay komandiri polkovnik Popovun üstünə yıxırdı. Təbii ki, mən bu haqsızlığa dözə bilməzdim. Əvvəlcədən də işimi möhkəm tutmuşdum. Zaytsev əməliyyatı idarə edən zaman zabitlərin birini əməliyyat otağına qoymuşdum. O, Zaytsevin bütün əmrlərini yazırdı. Böyük faciəyə səbəb olan əməliyyatdan sonra mən Moskvaya, Baş Qərargaha yazılı arayış verdim və həmin arayışa Zaytsevin əmrlərini də əlavə etdim. Səhəri gün Zaytsevi Əfqanıstandan uzaqlaşdırdılar. O, bu dəfə qəhrəman ulduzunu ala bilmədi...”

Bir illik ağır Əfqanıstan xidmətindən sonra general Rodionov Moskva Hərbi Dairəsinin komandanı vəzifəsinə təyinat alıb, 1988-ci ildə isə onu Zaqafqaziya Hərbi Dairəsinə komandan göndəriblər.

1989-cu il 9 aprel Tbilisi hadisələrində Rodionov Tbilisinin komendantı olub. Məlum olduğu kimi, həmin hadisələrdə 21 nəfər həlak olub, 100-dən artıq adam müxtəlif bədən xəsarəti alıblar. Bu hadisəyə görə Rodionov sərt təndiqlərə məruz qalıb. Amma general Tbilisi hadisəsində günahının olmadığını mətbuat vasitəsi ilə bütün dünyaya bəyan edib və bildirib ki, o, əvvəlcədən Kremlə, o cümlədən müdafiə naziri Dmitri Yazova qarşıdurmanın baş verəcəyini xəbərdarlıq edib.

Tbilisi hadisəsindən sonra Rodionov müdafiə naziri Yazova Zaqafqaziya Hərbi Dairəsinin komandanı vəzifəsindən azad olunması üçün raport yazıb, xahiş edib ki, onun xidməti yerini dəyişsinlər. Yazov isə bu müraciətə belə cavab verib: “Mixail Qorbaçov ümumiyyətlə, sizi orduda görmək istəmir. Tbilisi hadisələrinə görə qərb bizdən sizi vəzifədən uzaqlaşdırımağımızı və cəza verməyimizi tələb edir, amma biz çalışacağıq ki, sizi haradasa bir işə yerləşdirək”.

Beləliklə, Rodionov Zaqafqaziyadan geri çağırılıb və o, Baş Qərargahın Hərbi Akademiyasına rəis təyin edilib.

SSRİ süquta uğradıqdan bir neçə il sonra İqor Rodionov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, general Aleksandr Lebedin təkidi ilə Rusiyanın müdafiə naziri vəzifəsinə təyinat alıb.

Rodionovu narahat edən ən problemli məsələlərdən biri Rusiyanın xarici ölkələrə, xüsusilə də Ermənistana qeyri qanuni silah ötürməsi məsələsi olub. O, Mərkəzi Komitənin iclaslarında dəfələrlə bu məsələyə toxunub.

Boris Yeltsin üçün Rodionov çox da arzuolunan bir nazir sayılmayıb. Rodionovun 1997-ci ilin may ayında keçirdiyi mətbuat konfransı isə prezidentlə müdafiə nazirinin münasibətlərini daha da kəskinləşdirib. Rodionov həmin mətbuat konfransında ordunun saxlanılması məsələsinə toxunaraq Prezident Administrasiyasını, şəxsən Boris Yeltsini fəaliyyətsizlikdə ittiham edib.

Bu konfransdan bir neçə gün sonra Müdafiə Nazirliyində kollegiya iclası keçiriləndə Yeltsin gözlənilmədən iclasa təşrif buyurub. O, Rodionovun çıxışını yarımçıq qoyaraq kollegiya üzvlərinə İqor Rodionovun vəzifədən azad olunması ilə bağlı fərmanı oxuyub.

Rodionov sonrakı fəaliyyətini ictimai işlərdə davam etdirib, 4 dəfə Rusiya Dövlət Dumasına deputat seçilib, “Dəmir diviziya” klubuna rəhbərlik edib.

Boris Rodionov 2014-cü ildə, 78 yaşında uzun sürən xəstəlikdən vəfat edib. O, hərbi şərəflə Federal Hərbi Momerial qəbiristanlığında dəfn edilib. Musavat.com