Qədim “Lukyanovka” türməsinin müasir halı – pullu məhbuslar lüks otaqlarda yaşayır...

Qədim “Lukyanovka” türməsinin müasir halı – pullu məhbuslar lüks otaqlarda yaşayır...

26 İyul 2021 06:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu məkandan çox məşhurlar keçib, alimlər, incəsənət xadimləri, jurnalistlər, inqilabçılar, siyasətçilər və s. “Lukyanovka”nın sonuncu məşhurlarından biri isə Ukraynanın baş naziri Yuliya Timoşenko olub.

Kiyevin mərkəzi rayonlarından birində, metronun “Lukyanovskaya” stansiyasının yaxınlığında yerləşən “Likyanovka” türməsi 1863-cü ildən fəaliyyət göstərməyə başlayıb. Bu həbsxana keçmiş SSRİ-də ən qədim və ən böyük türmələrdən biri sayılıb.

“Lukyanovka”da doqquz korpus mövcuddur. Bir korpusdan digərinə, yaxud tibb məntəqəsinə, istintaq və görüş otaqlarına, hamama, türmənin inzibati binasına keçmək üçün həbsxananın ərazisinə çıxmağa ehtiyac yoxdur, əraziyə çıxmamaq üçün korpusların altında yeraltı keçidlər tikilib.

Lukyanovka5-1-620x414.jpg (63 KB)

“Lukyanovka” həbsxanasının korpuslarının hər birinin qeyri-rəsmi adı var. Ən qədim korpus “Katka” adlandırılır. Bu korpus 2-ci Yekaterinanın dövründə inşa edilib. Stolıpinin dövründə tikilən korpus “Stolıpinka” adlandırılır. “Brejnevka” 1981-ci ildə Leonid Brejnevin hakimiyyətdə olduğu dövrdə inşa edilib. Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın prezidentliyi dövründə, 1995-ci ildə istifadəyə verilmiş korpus isə “Kuçmovka” adını alıb.

“Lukyanovka”da həmçinin yetkinlik yaşına çatmayanların və qadınların korpusları da fəaliyyət göstərir.
Sovet dövründə “Lukyanovka” saxlanılanların sayına görə ən çox məhbus sıxlığı olan türmələrdən biri olub. Bəzən 12 nəfərlik kameralara 70-80 nəfər məhbus yerləşdirilib.

“Lukyanovka”nın ən sıx dövrü isə 1937-1945-ci illərdə müşahidə olunub. Bu ərəfədə türmədə 30-35 min məhbus saxlanılıb.

“Lukyanovka” basılmaz bir qalanı xatırladır. Hündür hasarlar, elektrik cərəyanı buraxılmış tikanlı məftillər, mühafizə qüllələri və digər mühafizə sistemləri elə qurulub ki, bu məkandan qaçmaq mümkünsüz sayılıb. Buna baxmayaraq, həbsxananın tarixində məhbuslar dəfələrlə qaçmağa cəhd ediblər. Bu cəhdlərin 11-i uğurlu alınıb.

Fəaliyyət göstərdiyi gündən “Lukyanovka” həbsxanası ən sərt daxili rejim qaydaları ilə fərqlənib. Bu həbsxanada məhbuslara işgəncələr türmə nəzarətçiləri tərəfindən istintaq otaqlarında həyata keçirilib. Bu “tədbir”lər o qədər dəhşətli olub ki, bəzi müstəntiqlər istintaqı, sorğu-sualı “Lukyanovka”da aparmaqdan imtina ediblər.

15623764_403.jpg (122 KB)

1970-ci illərdən sonra “Lukyanovka” türməsində qeyri-qanuni “pullu xidmətlər” daha geniş vüsət alıb. Pul qarşılığında gəzinti vaxtını uzatmaq, türmənin tibb məntəqəsində uzunmüddətli “müalicə” almaq, növbədənkənar görüş almaq, istədiyin vaxt hamamdan istifadə etmək, istənilən qədər sovqat qəbul etmək mümkün olub.

1990-cı illərdən sonra isə “Lukyanovka” məhbusları pul hesabına daha çox “güzəştlər” qazanıblar. Türmədə “zelyonaya doroqa” (“yaşıl yol”) sistemi tətbiq olunub. Bu sistemlə məhbus istədiyi qədər sovqat qəbul edə bilib. Gətirilən sovqatlar nəzarətçilər tərəfindən yoxlanılmayıb. Hətta bu bağlamaların içərisində türməyə istənilən qədər alkoqollu içkilər, narkotik vasitələr də keçirmək mümkün olub.
Mobil telefonlar istifadəyə çıxdıqdan sonra imkanlı məhbuslar pul hesabına kameralarda bu rabitə vasitəsindən maneəsiz istifadə edə biliblər.

“Lukyanovka”da xüsusi kameralar olub ki, heç də ev şəraitindən fərqlənməyib. İmkanlı məhbusların pulla “aldıqları” bu kameralarda ayrıca hamam, tualet də quraşdırılıb. Bununla yanaşı, kameralarda soyuducu, televizor, kondisioner, digər məişət cihazları, rahat yatacaqlar da məhbusların ixtiyarına verilib. Bu cür məhbuslar səhər və axşam yoxlanışlarından, daxili rejim qaydalarına əməl etməkdən azad olunublar.

“Xüsusi” statuslu məhbusların şəxsi həkimlərinin, vəkillərinin, iş ortaqlarının görüşünə heç bir məhdudiyyət qoyulmayıb. Onlar istədikləri vaxt həbsxananın xüsusi otaqlarında görüş keçirə biliblər.
“Lukyanovka” həbsxanası dörd bir tərəfdən yaşayış binaları, ictimai iaşə və ticarət obyektləri, məktəb və bağçalarla əhatə olunub. Bu ərazidən keçənlərin çoxu hasarın o biri üzündə nələrin baş verdiyindən xəbərsiz olub və bu gün də belədir. Yerli sakinlər üçün də ölüm sükutlu “Lukyanovka” adi bir məkana çevrilib.

Müvafiq orqanlar adiləşən “Lukyanovka”nın şəhərin mərkəzində olmasını məqsədəuyğun saymayaraq ölkə rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırıblar. Bir neçə dəfə türmənin köçürülməsi məsələsi dövlət səviyyəsində qaldırılsa da, məsələ hələ də öz həllini tapmayıb. “Lukyanovka”da isə həyat davam edir, pulluların və pulsuzların məhbus həyatı...Musavat.com