Müəllim tələbəyə “şamtutan” dedi, qalmaqal yarandı

Müəllim tələbəyə “şamtutan” dedi, qalmaqal yarandı

19 Fevral 13:34
145
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan vaxtı sinif nümayəndəsini təhqir edib.

Oxuməni.az Yenisabah.az-a istinadən xəbər verir ki, direktor imtahan zamanı tələbələrin çıxmalı olduğunu dediyi halda, sinif nümayəndəsinin imtahanı tərk etməməsinə əsəbləşərək ona qarşı “şamtutan” ifadəsini işlədib:

“İndi qrupda 5 nəfərdir: Nərgiz xanım, 2 müəllim və mən. Bəs beşinci kimdir? “Sinifkom” burada nə edir ki? Mən dedim ki, tələbələr çıxsın, siz məni dinləmirsiz? Burada müəllimə “sinifkom” tərəfindən nəzarət lazım deyil. Ağzımda deyirəm ki, tələbələr çıxsın. Bu nə özbaşınalıqdır, siz edirsiz? İndi mən imtahanı dayandıraram, baxarsız. “Sinifkom” tələbə sayılmır? Bizə “şamtutan” lazım deyil. 3-3 uşaqlar daxil olurlar. 1 asistent var, müəllim var, Nərgiz xanım var. Sinif nümayəndəsi nə üçündür ki?”.

Xanım direktorun səsləndirdiyi ifadə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Direktor sosial şəbəkə istifadəçiləri tərəfindən bu hərəkətinə görə tənqid olunub. Həmin müəllim ötən aylarda Bakı Humanitar Kollecinə direktor təyin olunan Nərmin Qaralovadır. Bu görüntülər, səs yazısı isə onun həmin Kollecdə direktor olduğu vaxtda çəkilib.

Qeyd edək ki, N.Qaralova bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin dekanı olub. 2006-2008-ci illərdə İctimayi Televiziya, 2008-2014-cü illərdə isə Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor vəzifəsində çalışıb. 2008-2015-ci illərdə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan musiqisinin tarix və nəzəriyyə" kafedrasında müəllim kimi çalışıb. 2015-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını alıb.

Təhsil Nazirliyinin direktorla bağlı hansı qərarı verəcəyi böyük maraq doğurur.

Son məlumata görə, ADMİU-dan "Report"a bildirilib ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:

"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".