Bakıda İran səfirliyinin qarşısında etiraz mitinqi keçirildi

Bakıda İran səfirliyinin qarşısında etiraz mitinqi keçirildi

16 May 2012 13:05
1 076
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Azərbaycanlıları Konqresi (DAK) və Beynəlxalq Diaspora Mərkəzi (BDM) İran səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiyada DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, konqresin İdarə Heyətinin üzvləri Xəzər Emin, Əjdər Tağzadə, BDM sədri İsmayıl Ağayev çıxış ediblər. Çıxışlarda İranın Azərbaycana qarşı siyasəti kəskin tənqid olunub, bu ölkəndən işğalçı Ermənistanla dostluq əlaqələrini dayandırması tələb edilib. Aksiyada "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!", "Qarabağı işğal edən Ermənistana yardımları dayandır!" "Qatillərə qucaq açan ölkəyə ar olsun!", "İranda Azərbaycan qardaşlarına dəstək!" şüarları səsləndirilib.

Piket iştirakçıları üzərində "İran rejiminin xatirəsinə" sözləri yazılan əklili səfirliyin qarşısına qoyublar.
Daha sonra aksiyanın qətnaməsi oxunub və səfirliyə təqdim edilib. Qətnamədə qeyd olunub ki, dünyanın ən son imperiyası olan İran adlı şovinist qurum tarixin arxivinə gömülmək ərəfəsində nifaqdan çəkilməlidir: "Azərbaycanlıların döyünən ürəyi olan Təbriz şəhərində Azərbaycan əleyhinə aksiya keçirilməsi 35 milyonluq Azərbaycan türkünün heysiyyatına təhqirdir və biz bu kimi addımları qətiyyətlə pisləyirik".
Polis aksiya iştirakçılarını səfirliyin binası qarşısından uzaqlaşdırıb.

O.M.