Akademik Məhəmmədəmin Şahtaxtinski vəfat edib

Akademik Məhəmmədəmin Şahtaxtinski vəfat edib

25 Aprel 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Fizika sahəsində tanınmış alim, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinski aprelin 23-də ömrünün 79-cu ilində vəfat edib.

Məhəmmədəmin Şahtaxtinski 1932-ci il iyul ayının 10-da Bakı şəhərində anadan olub, Moskva Energetika İnstitutunda radiotexnika fakültəsində təhsil alıb və əmək fəaliyyətinə 1956-cı ildən etibarən AMEA-nın Fizika və Riyaziyyat İnstitutunda başlayıb.

O, 1968-ci ildən institutda laboratoriya müdiri, 1987-ci ildən şöbə müdiri vəzifələrində işləyib. Son illərdə isə Fizika İnstitutunun problem rəhbəri olmaqla bərabər, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun üzvi kimi də fəaliyyət göstərib.

Məhəmmədəmin Şahtaxtinski 1960-cı ildə namizədlik və 1970-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1971-ci ildə professor elmi adını alıb. O, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Uzun illər ərzində bərk cisimlər fizikasına dair fundamental araşdırmaları ilə tanınan Məhəmmədəmin Şahtaxtinski bu sahədə yeni elmi istiqamətin əsasını qoyub. Alimin tədqiqatları fizikanın yarımkeçiricilər və dielektriklər kimi mühüm bölmələrini əhatə edir. O, yarımkeçiricilərin termodinamikasının öyrənilməsi ilə yanaşı, bir sıra orijinal metodika və qurğuların yaradılması işində də yaxından iştirak edib.

Akademik Məhəmmədəmin Şahtaxtinskinin elmi fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adını alıb, müxtəlif orden və medallara layiq görülüb və müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.


Allah rəhmət eləsin...


Elvin Babayev


O.M.