Milli Fikir Mərkəzinin (MFM) ikinci həftəlik seminarı keçirildi

Milli Fikir Mərkəzinin (MFM) ikinci həftəlik seminarı keçirildi

14 May 2012 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün yeni təsis edilmiş Milli Fikir Mərkəzinin (MFM) ikinci həftəlik seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin təsis komissiyasının sədri Əşrəf Elatlı bildirib ki, gənclərin sosial-ictimai həyata inteqrasiyası, milli ideya baxımından maarifləndirilməsi problemlərini gündəmə gətirərkən, onun həlli yollarına hamılıqla dəstək verilməlidir.
Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun məzunu, ehtiyatda olan zabit Şəhriyar Məcidzadə "Nəsillər arası savaş-hədəf milli gənclik" mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan tarixində nəsillər arası savaşın tarixi 1813 və 1828-ci ildə imzalanan Gülüstan,Türkmənçay müqavilələrindən başlayır. Belə ki, həmin tarixdə Azərbaycanın həmənki nəslinin adına yazılan məğlubiyyətlə hər nəsil digərinə daha çox itirilən torpaq ənənəsi buraxıb:
"Televiziya üzərindən yeridilən məqsədyönlü təbliğatların sonucunda, rəsmi statistika göstərir ki, 17 min nikahdankənar uşaq doğulub. 10 il sonra bunun sayı 170 minə çatsa, o zaman həmin insanların taleləri kimliyi müəyyən olunmamış adamların taleyi olacaq. Bu gün xüsusi amansızlıqla törədilən cinayət hadisələrinin sayı 18 min civarındadır. Bu isə o deməkdir ki, ölkədə insanımız üçün təhlükə var. Bu zorakılıq, biganəlik halını bizə aşılayırlar. Gənclər əsas hədəfdir. Çünki gənclik millətin gələcəyidir. Hər yerdə bizi etinasızlığa, ictimai həyatdan uzaq durmağa, məmləkətin problemlərinə laqeyd olmağa çağırırlar. "Sənlə heç nə olası deyil" fikri bu ölkənin gələcəyinə düşmənçilikdir. Bizdən öncəki nəsil bizə nə deyirsə desin, hansı basqını uyğulayırsa uyğulasın, biz azad olmalıyıq, biz millətimizin və dövlətimizin taleyinə biganə qalmamalıyıq. Gənclik, bu ölkənin problemlərinin tək həllidir". – deyə Ş,Məcidzadə məruzəsində qeyd edib. Mövzu ətrafında gənclər tərəfindən suallar səsləndirilib. Tədbir maraqlı diskussiya şəraitində davam edib.

O.M.