VİDEO-14 yaşlı “Oxu Məni”: “Oxucu bizim adımızdır!”

VİDEO-14 yaşlı “Oxu Məni”: “Oxucu bizim adımızdır!”

13 May 2012 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
“Oxu Məni” qəzetinin redaksiyasında oxucularla növbəti görüş keçirildi

14 yaşını qeyd etməyə hazırlaşan "Oxu Məni" qəzeti həmişə olduğu kimi cümə günü yenə də oxucularını başına topladı. Hər zaman "oxucu bizim adımızdır" devizi ilə fəaliyyət göstərən ailənizin qəzeti bu dəfə də adətindən geri qalmadı. Görüş "Oxu Məni" media qrupunun mərkəzi ofisində keçirildi. Qeyri-formal şəraitdə baş tutan tədbir səmimiyyəti və işgüzar təklifləri ilə yadda qaldı. Əvvəlcədən qeyd edək ki, "Oxu Məni" Azərbaycan mətbuatında nadir qəzetlərdəndir ki, fəaliyyətini oxucuların arzu və təklifləri əsasında qurur. Məhz bu görüş də adəti üzrə yeni təkliflər və qızğın müzakirələrlə yadda qaldı. Tədbirə təşrif buyurmuş hər bir oxucu istisnasız olaraq öz fikrini bildirdi. Rəşad Məhəmmədoğlu, Sitarə Hüseynova, Gülnar Əsədova, Röyal Nəcəfov, Fuad Biləsuvarlı, Cici qız Günel, Nərgiz Şirvanlı, Rasim Tərtərli, İlahə İmanova, Natəvan Uğurlu, Samir-26, Elnur-23, Emin Dəniz, Tural Bərdəli, Günel Mustafalı, Nilan, Ramil Günəşli, Rahib Saleh və görüşdə obyektiv səbəblərdən iştirak edə bilməyən digər oxucuların arzu və təklifləri növbə ilə müzakirəyə qoyuldu. Yekdilliklə belə qərara gəlindi ki, qəzetin yaxın saylarından etibarən çeşidli müsabiqələr, yumoristik rubrikalar, müxtəlif mövzulu oxucu məktubları, poeziya səhifəsi yenidən işıq üzü görsün. Oxucular həmçinin bir neçə rubrikanın yeniləri ilə əvəz olunmasının vacib olduğunu vurğuladılar. Sonda "Oxu Məni" qəzetinin 14 yaşının böyük tərkibdə və təntənəli surətdə qeyd olunması qərar qəbul olundu.

"Oxu Məni" qəzetinin yaradıcı kollektivi onu yaradan, yaşadan, inkişaf etdirən hər bir oxucunun əməyini dəyərləndirir və hər kəsə "çox sağ olun!" deyir. Oxucu bizim adımız, özülümüz, özümüzdür...

Redaksiya heyəti

O.M.