Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

11 May 2012 17:39
635
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusu ilə bağlı birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan Qaradağ Rayonun İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aprelin 5-dən başlanmış müsabiqənin yekunlaşdığını və artıq qaliblərin müəyyənləşdirildiyini bildirdi. Toplantıda çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirdi ki, müsabiqənin keçirilməsində məqsədi Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuat vasitəsi ilə ictimaiyyətə daha yaxından çatdırmaq olmuşdur. V. Səfərlinin sözlərinə görə ötən ay Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə Qaradağ rayon ziyalıları ilə görüş keçirilib :" Həmin görüşdə Qaradağ Rayon İcra hakimiyyəti ilə birgə fərdi jurnalist müsabiqəsinin keçirilməsi qərara alındı. Müsabiqəyə ümumilikdə 22 yazı daxil olmuş və onlardan 6-sı qalib hesab edilmişdi. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə - 1000 manat, II yer (2 nəfər) 800 manat, III yerin (3 nəfər) qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınmışdır. Bunlardan əlavə 5 nəfərə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdur. Lakin Qaradağ rayon icra başçısı Süleyman müəllimin təklifi ilə müsabiqədə iştirak edən digər iştirakçılara da həvəsləndirici mükafat verilməsi qərara alınmışdır". Sonda qalibləri təbrik edən fondun icraçı direktoru V. Səfərli bu cür müsabiqələrin davamlı olacağını mərasim iştirakçılarının diqqətinə çatdırdı. Son illər Fondun dövlət qurumları ilə birgə müsabiqə keçirməsini təqdir edən mətbuat şurasının sədri Əflatun Amaşov isə bu cür jurnalist müsabiqələrinin əhəmiyyətindən danışdı və fondun bu sahədə uğurlar əldə etdiyini diqqətə çatdırdı. Mərasimdə çıxış edən digər iştirakçılarda belə müsabiqələrin jurnalist peşəkarlığının artırılmasında xüsusi rol oynadığını vurğuladılar. Daha sonra mükafatlandırma mərasimi keçirildi və qaliblərə xüsusi diplomlar təqdim olundu.

O.M.