Bir  sərnişinin ölümü, beş nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bir sərnişinin ölümü, beş nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

11 Sentyabr 15:35
524
Bəyəndim (2) Bəyənmədim (0)

Sentyabrın 11-də saat 06:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən 55-ci kilometrliyində 1 sərnişinin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, araşdırma zamanı sürücü 1991-ci il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Ramal Bilal oğlunun etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz Vito” markalı 99-XF-890 dövlət qeydiyyat nişanlı avtomobillə sentyabrın 10-da saat 8:30-dan Bakı və Sumqayıt şəhərlərinin ərazisində mütəmadi olaraq hərəkətdə olduğu müəyyən edilib. Həmçinin müəyyənləşdirilib ki, o, saat 17:30 radələrində Tovuz rayonu istiqamətinə gedib, saat 22:30-da həmin əraziyə çatsa da istirahət etmədən, yəni, sentyabrın 11-də gecə saat 2 radələrində yorğun vəziyyətdə Bakı şəhəri istiqamətinə hərəkətə başlayıb. O, səhər saat 6:20-də sükan arxasında yuxuya getdiyindən nəqliyyat vasitəsi yol kənarında dayanmış vəziyyətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində Tovuz rayonu ərazisində sərnişin qismində avtomobilə minib, şəxsiyyəti hələlik müəyyən edilməyən 45-50 yaşlarında bir kişi həlak olub, 5 nəfər isə xəsarət alıb.

Son günlər respublikanın rayonlararası avtomobil yollarında sərnişin oturacaqlarının sayı 7-8 nəfər olan minik avtomobillərinin hərəkət intensivliyində artım müşahidə olunduğunu nəzərə alaraq, analoji hadisələrin təkrarlanmaması məqsədilə DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarından, xüsusilə ölkənin müxtəlif şəhər və rayonlarına getmək üçün taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalan sərnişinlərdən xahiş edir ki, öz təhlükəsizliklərinin təmin olunması üçün qanunsuz fəaliyyət göstərən taksi xidmətlərindən istifadə etməklə və ya tanımadıqları sürücülərlə gecə saatlarında uzaq məsafəli səfərlərə çıxmasınlar. Çünki həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə hər hansı təşkilat, yaxud şirkət tərəfindən nəzarət olunmadığına görə daşımanın təhlükəsiz olacağına heç bir təminat verilmir.

Oxuməni.az