Hindistan bu yay Çinlə müharibəyə hazırlaşır

Hindistan bu yay Çinlə müharibəyə hazırlaşır

5 May 2012 15:11
Bəyəndim (0) Bəyənmədim (0)
Hindistan irimiqyaslı hərbi təlimlərə start verib

Xəbər verdiyimiz kimi, Hindistanın "The Hindu" qəzetinin məlumatına görə, hindli analitiklər bir neçə ildir bəyan edirlər ki, 2012-ci ilin iyun-iyul aylarında Çinin Hindistana hərbi müdaxiləsi qaçılmazdır. Konfliktin əsas səbəbi kimi hər iki Asiya nəhənginin təbii ehtiyatları mənimsəmək istəyi göstərilir. Bundan başqa, Hindistanın sürətlə sənayeləşməsi Çinin maraqlarına ziddir. Belə ki, Cin dünyanın "emalatxanası" rolunu qonşusuna vermək istəmir. Hindistan isə Qərb dövlətləri ilə işbirliyinə gedərək, istehsal sahəsində Çinə ciddi rəqib olmağa başlayıb. Bir neçə ildən sonra bu, açıq-aydın hiss olunacaq.

Hindistanın əzəli rəqibi olan Pakistanın başı bir neçə ildən bəri daxili problemlərinə qarışdığı üçün artıq Hindistan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlayıb.
Hindistan ordusunun istefada olan polkovniki Anil Atxale yerli "The Hindu" qəzetinə müsahibəsində qəti şəkildə bildirib ki, Çin bu ilin iyun-iyul aylarında Hindistana hücum edəcək: "Hindistan ordusu buna qətiyyən hazır deyil. Bunun günahkarı Manmoxan Sinqx hökumətidir. Hindlilər yuxudan ayılmalıdırlar. Xoşbəxtlikdən hələ vaxtımız var. Hazırda Himalay keçidləri buz bağladığı üçün hərbi müdaxilə yay aylarından tez baş tutmayacaq. Söhbət irimiqyaslı işğaldan getməsə də, çinlilər bizə sillə vuracaqlar. Eynən Kargil müharibəsi kimi (1999-cu ildə Taliban qüvvələri və Pakistan ordusu Kəşmirə daxil olmuşdu)."

Odur ki, bu günlərdə Hindistan ordusu 60 minlik hərbi kontingenti ilə Pakistan sərhədində irimiqyaslı təlimlərə başlayıb. Təlimə yüzlərlə qırıcı təyyarə, tank və digər zirehli texnika cəlb olunub. Analitiklərin fikrincə, Hindistan bu addımı atmaqla qonşu Pakistana deyil, məhz Çinə öz gücünü nümayiş etdirməyə çalışır. Sadəcə, Çindən çəkindiyi üçün təlimləri onunla deyil, Pakistanla sərhəddə həyata keçirir. Göründüyü kimi, Hindistan tərəfi bu ilin yayında Çinlə müharibənin başlanacağına əmindir və bütün gücünü buna səfərbər edib.

Yaxşı ki, Çinin döyüş filmləri də Hind kinoları kimi xoşbəxt sonluqla bitir...

Aqil Hüseynov

O.M.