Bakı şəhər Baş Polis İdarəsi “Eurovision-2012”-yə tam hazır olduğunu bəyan etdi

Bakı şəhər Baş Polis İdarəsi “Eurovision-2012”-yə tam hazır olduğunu bəyan etdi

4 May 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, paytaxtda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı bütün lazımi təhlükəsizlik tədbirləri davam etdirilir. Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mahnı müsabiqəsi zamanı təhlükəsizlik tədbirlərinin səmərəli təşkili məqsədilə xüsusi Tədbirlər Planı imzalayıb. Aprelin 20-də DİN-də keçirilən kollegiya iclasında da vurğulanıb ki, bu sahədə polisin qarşısında duran əsas vəzifələr qonaqların ölkədə hərəkət marşrutları, paytaxtda qalacaqları, istirahət edəcəkləri, gəzintiyə çıxacaqları yerlərdə ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsidir. Bakı Polis Qarnizonunun şəxsi heyəti Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün qüvvə və texniki vasitələrlə lazımi səviyyədə təmin edilir və bu istiqamətində xidməti fəaliyyətini davam etdirir.

Mahnı müsabiqəsi ərəfəsində və dövründə paytaxtda ictimai asayişin, hüquq qaydalarının və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı polisi tərəfindən zəruri tədbirlər görülməkdədir. Baş verə biləcək hər hansı qanunazidd hərəkətlərin, fövqəladə hadisənin qarşısının dərhal alınması, xidməti fəaliyyətin nümunəvi təşkili üçün Tədbirlər Planına müvafiq olaraq, hazırlıq işləri aparılır. Bakı şəhərində qonaqların qalacaqları otel və mehmanxanalarda, tədbirin keçiriləcəyi yerin ətrafında bütün zəruri mühafizə tədbirləri görülür. Bakı Polis Qarnizonunun şəxsi heyəti bu müsabiqənin təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün qüvvə və texniki vasitələrlə lazımi səviyyədə təmin edilir və bu istiqamətində xidməti fəaliyyətini davam etdirir.
Məlumatda həmçinin bildirilir ki, "Eurovision-2012" mahnı müsabiqəsinin ötən illərdə keçirildiyi Rusiya Federasiyasının və Almaniya Federativ Respublikasının müsbət təcrübəsi öyrənilir və tətbiq edilir. Eyni zamanda, bu müsabiqənin Azərbaycanda keçirilməsi ilə əlaqədar Vyana Polis Departamenti ilə Bakı Şəhər Baş Polis İdarəsi arasında təcrübə mübadiləsi çərçivəsində təlimlər keçirilib. Eyni zamanda, müsabiqə ərəfəsində və keçirildiyi dövrdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək şəxsi heyətin sayı, stasionar post və marşrutların dislokasiyası müəyyən edilib, xidmətin aparılmasının gücləndirilmiş varianta keçirilməsi və rəhbər vəzifəlilərin xüsusi cədvəl üzrə gündəlik növbətçiliyinin təşkil olunması üçün hazırlıq işləri həyata keçirilib.

O.M.