Azərbaycanda küçə uşaqlarından 11 nəfəri cinsi zorakılığa məruz qaldı

Azərbaycanda küçə uşaqlarından 11 nəfəri cinsi zorakılığa məruz qaldı

25 Aprel 2012 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu və "Siqma" İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin dəstəyi ilə respublikanın 11 şəhər və rayonunda həyata keçirdiyi "Küçə uşaqlarının vəziyyətinin təhlili" layihəsinin təqdimat mərasimi keçirib. Tədbirdə çıxış edən komitənin əməkdaşı Pərviz Əliyev bildirib ki, layihə çərçivəsində Azərbaycanda 438 küçə uşağı aşkarlanıb: "Onlardan 403-ü Bakı şəhəri, 10-u Lənkəran, 5-i Xaçmaz, 5-i Sumqayıt, 2-i Gəncə, 10-u Yevlax, 3-ü Şirvan şəhəri üzrə aşkarlanıb. Tədqiqata cəlb edilmiş küçə uşaqlarının orta yaşı 14,4 yaş olub. Onlardan 85,6 faizini yerli ailələrdən, 3 faizini məcburi köçkün ailələrdən, 11,4 faizini digər ölkələrdən olan uşaqlar təşkil edib. Respondentlərin 33,6 faizi tam, 50,9 faizi natamam ailədən, 10 faizi valideynsiz, 4,8 faizi tənha (heç kimi olmayan) ailələrdən olan uşaqlar olub". P. Əliyevin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, küçə uşaqlarının olduqları ailələrin başçılarının 23,6 faizi fəhlə, 21,9 faizi dilənçi, 18,2 faizi xadimə, 12,2 faizi xırda ticarətçidir. Küçə uşaqlarından 11 nəfəri cinsi zorakılığa məruz qaldıqlarını bildiriblər.

UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafa bildirib ki, sürətli inkişaf nəticəsində bir çox mənfi nəticələr də əldə edilir ki, küçə uşaqları da bu mənfi təsirlərdən biridir. R. Mustafanın sözlərinə görə, hesabata əsasən, küçə uşaqlarının 90 faizi Bakıda yaşayır: "Bu uşaqlar küçədədirlər, onların bəziləri maşın yuyur, bəziləri dilənçilik edir. Küçə uşaqlarının bəzilərinin ya tam, ya da natamam olaraq, ailəsi yoxdur. Bəziləri isə kasıblıqla üzləşən ailələrin övladlarıdır".
AQPDK-nın sədr müavini Aynur Sofiyeva deyib ki, Azərbaycanda uşaqlarla bağlı qanunvericilik formalaşıb, lakin müəyyən boşluqlar qalmaqdadır. Onun sözlərinə görə, qanunlarda valideyn məsuliyyəti ilə bağlı dəyişikliklərin edilməsinə ehtiyac var.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Bəylər Abbasov bildirib ki, qanunvericilikdə valideynlərə qarşı sərt tədbirlər nəzərdə tutulmadığı üçün küçələrdən yığılıb ailələrə verilən uşaqlar bir müddət sonra yenidən küçə həyatına qayıdırlar.

O.M.