Sulutəpədə qanunsuz tikililərin söküntüsü zamanı “Yeni Müsavat”-ın jurnalisti xəsarət aldı

Sulutəpədə qanunsuz tikililərin söküntüsü zamanı “Yeni Müsavat”-ın jurnalisti xəsarət aldı

18 Aprel 2012 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntüsünü bu gün də davam etdirib. APA-nın yerli sakinlərə istinadən verdiyi xəbərə görə, ARDNŞ əməkdaşları bu gün Sulutəpə qəsəbəsində şirkətə məxsus ərazilərdə qanunsuz olaraq tikilən evləri söküblər.

Bu zaman evləri sökülən sakinlərlə ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb. Sakinlər buna etiraz edərək Bakı-Şamaxı yolunu bağlamağa cəhd göstəriblər. Lakin əraziyə gələn polis əməkdaşları bunun qarşısını alıb.
Hadisə zamanı ərazidə çəkiliş aparan jurnalist İdrak Abbasov və "Yeni Müsavat" qəzetinin xanım əməkdaşı Günay Musayeva xəsarət alıb. İ.Abbasov Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Klinik Tibbi Mərkəzdən bildirilib ki, İ.Abbasov kəllə beyin travması ilə xəstəxanaya gətirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı ARDNŞ-in mətbuat xidmətindən açıqlama verilməyib.
Binəqədi Rayon Polis İdarəsindən isə bildirilib ki, evlərin sökülməsi zamanı yerli sakinlərlə ARDNŞ əməkdaşları arasında qarşıdurma yaranıb, sakinlər Bakı-Şamaxı yolunu bağlamağa cəhd etsələr də, bunun qarşısı polis tərəfindən alınıb.

O.M.