Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətini 7500 manat cərimə etdi

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətini 7500 manat cərimə etdi

17 Aprel 2012 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarını açıqlayıb. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin verdiyi məlumata görə, "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Sarvan Rizvanovun iddiası əsasında çıxarılan qərarda məhkəmə onun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə təminat verilən hüququnun pozulduğu qənaətinə gəlib. Qərara əsasən, Azərbaycan hökuməti S.Rizvanova mənəvi ziyana görə, 4500 avro, məhkəmə xərclərinə görə isə 3000 avro ödəməlidir.

Qeyd edək ki, S. Rizvanov 2005-ci il noyabrın 9-da "Azadlıq" blokunun "20 yanvar" metrosundan Dövlət Kinofilm Fondunun qarşısına kimi nəzərdə tutulan marşrutda icazəli keçirilən yürüş-mitinqi zamanı foto-çəkiliş apararkən Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Çingiz Məmmədov tərəfindən zorakılığa məruz qaldığını iddia edib. Onun ölkə daxili məhkəmələrdə həm cinayət, həm də mülki icraat qaydasında qaldırdığı şikayətlərin hamısı rədd olunub. Jurnalistin pis rəftara məruz qalmaq və digər hüquqlarının pozuntusu ilə bağlı şikayəti 2006-cı ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

O.M.