Başqasının şəxsiyyət vəsiqəsi ilə sınaq imtahanına gəlmiş abituriyentlər imtahana buraxılmadılar

Başqasının şəxsiyyət vəsiqəsi ilə sınaq imtahanına gəlmiş abituriyentlər imtahana buraxılmadılar

9 Aprel 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, TQDK aprelin 8-də Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında növbəti sınaq imtahanı keçirib. İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə yaradılıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanılıb. Məlumatda bildirilir ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi abituriyentlər sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazılıblar. İmtahan binalarına buraxılış rejimində belə hallar aşkarlanıb və həmin abituriyentlər imtahana buraxılmayıblar. Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər bu məlumatları mobil telefonla "İmtahancell" (Azercell nömrələrindən), "Cavab" (Bakcell nömrələrindən) və "Imtahan-info" (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə biləcəklər.

O.M.