Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda görüş keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda görüş keçirildi

4 Aprel 2012 16:04
869
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu arasında görüş keçirilmişdir. Fondun icraçı direktoru qonağı salamlayaraq tarixi tellərlə bir-birinə bağlı olan Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin son illərdə bütün sahələrdə sürətlə inkişaf etdiyini, münasibətlərdə keyfiyyətcə yeni mərhələnin yarandığını razılıqla qeyd etmişdir. Qarşılıqlı faydalı əlaqələrin təkcə iqtisadi-siyasi deyil, həm də mədəni-humanitar sahələrdə uğurla inkişaf etdiyini deyən Vüqar Səfərli hazırkı şəraitdə iki ölkənin kütləvi informasiya vasitələri arasında da əməkdaşlığın genişləndirilməsi zərurətini önə çəkmişdir. İcrası direktor Fondun təşkilatçılığı ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin əmək-daşlarından ibarət 15 nəfərlik heyətin 2010-ci ildə Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdiyini xatırlatmış, belə layihələrin gələcəkdə də davam etdirilməsinə ehtiyac olduğunu demişdir.

Səmimi qəbul üçün razılığını ifadə edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Fondun türkdilli ölkələrin media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki səylərini yüksək dəyərləndirmişdir. O, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri arasında əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu vurğulamışdır.

Görüşün sonunda hər iki ölkənin jurnalistlərindən ibarət nümayəndə heyətinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılıq əldə olunmuşdur.

O.M.