"Bakcell" və "Azercell" şirkətləri arasında məhkəmə çəkişməsi davam edir

"Bakcell" və "Azercell" şirkətləri arasında məhkəmə çəkişməsi davam edir

5 Aprel 2012 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 4-dən etibarən Ali Məhkəmədə "Bakcell" MMC və "Azercell Telekom" MMC şirkətlərinin kasasiya şikayətləri əsasında məhkəmə başlayıb. Növbəti proses aprelin 18-nə təyin olunub.

Xatırladaq ki, əvvəlcə "Bakcell" MMC şirkəti "Azercell Telekom" MMC şirkəti ilə aralarında bağlanan operatorlararası arabağlantı tarifi üzrə müqaviləyə əlavənin bağlanmış hesab olunması, qarşılıqlı hesablaşma aktlarının etibarsız sayılması və vurulmuş zərərin tələb edilməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. İddiada göstərilib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2009-cu aprel ayından etibarən arabağlantı tarifinin 2 qəpik səviyyəsində tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin "Azercell Telekom" MMC tarif qiymətini dəyişdirməyib. Bunun nəticəsində şirkətə maddi ziyan dəyib.
Məhkəmə "Bakcell" MMC-nin şikayətini təmin edərək, arabağlantı tarifinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanmasını və "Azercell Telekom" MMC tərəfindən iddiaçıya yaranmış borcların ödənilməsi barədə qərar qəbul edib. Bundan narazı qalan "Azercell Telekom" MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qismən ləğv edərək, yeni qərar çıxarıb. Həmin qərarla razılaşmayan şirkətlər isə kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

O.M.