Kamal Abdulla Beynəlxalq "Nobel" mükafatına namizəddir

Kamal Abdulla Beynəlxalq "Nobel" mükafatına namizəddir

30 Mart 2012 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Slavyan Universitetinin (BSU) rektoru, yazıçı Kamal Abdulla mətbuat konfransı keçirib. K.Abdulla Nobel mükafatına namizədliyinin qəbul edilməsi ilə bağlı sualları cavablandırıb. O bildirib ki, 2011-ci ilin noyabrında İsveç Akademiyasının Nobel Komitəsindən BSU-ya məktub daxil olub. Bu məktubda ali məktəbin 5 professoruna öz namizədini irəli sürməklə bağlı sorğunu cavablandırmaları təklif edilib. Həmin alimlər - Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Asif Hacılı, Rəhilə Quliyeva, Naidə Məmmədxanova namizəd kimi Kamal Abdullanı göstəriblər. İki həftə öncə 5 alimə və K.Abdullaya Nobel Komitəsindən növbəti məktub daxil olub. Məktubda K. bdullanın namizədliyinin qəbul olunduğu qeyd edilib. K.Abdulla şübhələrin qarşısını almaq məqsədilə həmin məktubları mətbuat nümayəndələrinə təqdim edib. O, Nobel mükafatına təqdim olunan "Yarımçıq əlyazmalar" əsərinin 5 dilə tərcümə edildiyini, hazırda isə ərəb və yapon dillərinə tərcümə prosesinin getdiyini diqqətə çatdırıb.

Konfransda Nobel Komitəsinin seçim hüququna malik alimlərindən olan Rəhilə Qeybullayeva bəyan edib ki, K.Abdullanın "Yarımçıq əlyazmalar" əsərinin namizədliyinin irəli sürülməsi prosesi onun tərəfindən həyata keçirilib: "2007-ci ildə Nobel Komitəsindən mənə müraciət edildi ki, ədəbiyyat nominasiyası üzrə öz namizədimi irəli sürüm. Mən də Kamal Abdullanın həmin əsərini komitəyə təqdim etdim və əsərin xarici dilə tərcümə edilən nüsxəsini də İsveç Akademiyasına göndərdim".

O.M.