KİVDF-də APA-nın redaktorunun şikayəti müzakirə olunaraq əsassız sayıldı

KİVDF-də APA-nın redaktorunun şikayəti müzakirə olunaraq əsassız sayıldı

30 Mart 2012 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan (KİVDF) verilən məlumata görə, KİVDF-də "APA" İnformasiya Agentliyinin redaktoru Cavid İsmayılın müraciətinə baxılmışdır. "APA" İnformasiya Agentliyinin redaktoru Cavid İsmayıl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci il Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri ilə bağlı Fondun icraçı direktoruna ərizə ilə müraciət etmişdir. O, müraciətində müsabiqəyə təqdim etdiyi yazı barədə ekspert rəyləri ilə razılaşmadığını bildirərək nəticələrə yenidən baxılmasını xahiş etmişdir.

Martın 19-da Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlunun, yazıları qiymətləndirən ekspertlər - "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədlinin, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, eləcə də, "APA" İnformasiya Agentliyinin redaktoru Cavid İsmayılın iştirakı ilə müraciətə baxılmışdır.

Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirmişdir ki, Cavid İsmayılın müraciətindən sonra onun müsabiqəyə təqdim etdiyi material və ekspertlərin bu yazı barədə rəyləri bir daha araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ekspertlər Cavid İsmayılın yazısını müsabiqə elanında açıqlanmış "Qiymətləndirmə meyarları"na uyğun olaraq qiymətləndirmişlər. Qarşı tərəfin narazılığı isə, onun müsabiqənin şərtləri ilə tanış olmamağından yaranmışdır. Umud Rəhimoğlu bildirmişdir ki, jurnalist yazılarını qiymətləndirən təcrübəli ekspertlər məhz müsabiqənin "Qiymətləndirmə meyarları"ndan çıxış edərək yekun nəticəyə gəlirlər. Bəzi hallarda ədəbi-bədii, dil-üslub xüsusiyyətləri baxımından normal təəssürat yaradan yazılar əvvəlcədən elan edilmiş "Qiymətləndirmə meyarları"na uyğun olmadığı üçün lazımi bal toplaya bilmirlər.

Sonra hər üç ekspert ayrı-ayrılıqda çıxış edərək, Cavid İsmayılın yazısına verdikləri balların müsabiqənin "Qiymətləndirmə meyarları"na uyğunluğunu müfəssəl şəkildə əsaslandırmışlar. Ekspertlər Cavid İsmayıla izah etmişlər ki, onun müsabiqəyə təqdim etdiyi yazı bədii-publisistik janrda yazılmışdır və müəllifin şəxsi təəssüratlarının bədii ifadəsi baxımından yüksək qiymətləndirilmişdir. Lakin Fondun "Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi" araşdırma yazılarına həsr edilmiş müsabiqə olduğu üçün Cavid İsmayılın təqdim etdiyi yazı müsabiqə şərtlərinə, o cümlədən, müəllifin seçdiyi "İctimai və dövlət maraqlarının qorunması" istiqamətinə tam uyğun olmamışdır. Bundan əlavə, yazı müsabiqənin əsas "Qiymətləndirmə meyarları"ndan olan "Dil-üslub xüsusiyyətləri, bədii estetik ifadə" baxımından qənaətbəxş qiymətləndirilsə də, "mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma", "materialın oxucu üçün informasiyalılıq, maarifləndirmə səviyyəsi", həmçinin, "jurnalist obyektivliyi, qərəzsizliyi, məsuliyyəti" üzrə yetərli bal toplaya bilməmişdir. Nəticədə, o, müsabiqənin qalibləri sırasına düşə bilməmişdir.

Jurnalistə tövsiyə edilmişdir ki, növbəti müsabiqələrə qatılan zaman müsabiqə şərtləri ilə tanış olaraq, hazırladığı materialı həmin şərtlərə uyğunlaşdırsın.

Ekspertlərin çıxışlarından sonra Cavid İsmayıl razılaşmışdır ki, müsabiqəyə təqdim etdiyi yazını hazırlayarkən Fondun şərtlərinə yox, sərbəst yaradıcılığa üstünlük vermişdir. O, xüsusən də, ekspertlərin yazıda "mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma" meyarının nəzərə alınmaması barədə haqlı iradlarını qəbul etmişdir.

O.M.