"Anadolu Ajansı" dünya media liderinə çevrilməkdədir

"Anadolu Ajansı" dünya media liderinə çevrilməkdədir

28 Mart 2012 21:59
Bəyəndim (0) Bəyənmədim (0)
AA artıq Bosniya, Xorvat və Serb dillərində də yayıma başlayıb

Türkiyənin "Anadolu Ajansı (AA)" xəbər agentliyi informasiya məkanında sürətlə inkişaf etməkdə və söz sahibi olmaqda davam edir. AA öz fəaliyyətini genişləndirməkdədir. Belə ki, agentlik artıq Bosniya, Xorvat və Serb dillərində də yayıma başlamışdır. Oxumeni.az-ın xəbərinə görə, AA-nın Yönetim Kurulu Başqanı və rəhbəri Kemal Öztürk bu yeniliyi informasiya məkanında olan sürətli inkişafla və obyektiv xəbərin ümumi sülhdə oynadığı əvəzedilməz rolu ilə əlaqələndirir: "Bu gün qurumumuzun tarixində çox önəmli bir dönüş nöqtəsidir. Sarayevodan Bosniya, Serb və Xorvat dilində yayım həyata keçirəcəyik. Bölgənin səsini dünyaya, dünyanın xəbərini Balkan ölkələrinə çatdıracağıq. Beləcə, sülhə, qarşılıqlı əlaqələrin güclənməsinə və dostluğa vəsilə olmağa çalışacağıq".

Bu sözləri "Anadolu Ajansı"nın Balkan ölkələri üzrə təmsilçiliyinin açılış mərasimində səsləndirən K.Öztürk Bosniya və Hersoqovina ilə bağlı xatirələrini bölüşdü: "1995-ci ildə ilk dəfə bir jurnalist olaraq Sarayevoya gəlmişdim. Müharibələr, dərdlər, faciələr barədə çoxlu sayda xəbər hazırladım. İndi isə eşqin, dostluğun, sülhün, işbirliyinin xəbərini hazırlamaq üçün bura yollanmışıq. Çünki AA-nın qapıları ancaq sülh istəyənlərin üzünə açıqdır".

Bosniya və Hersoqovina rəyasət heyətinin sədri Bakir İzzetbeqoviç, Türkiyə Baş nazirinin müavini Bakir Bozdağ və "Anadolu Ajansı"nın rəhbəri Kamal Öztürkün birgə fəaliyyəti ilə ərsəyə gələn yeni təmsilçilik Balkan ölkələrini əhatə etməklə yanaşı adıçəkilən dillərdə danışan bütün oxucuların ixtiyarına veriləcək. Kamal Öztürk təmsilçiliyin açılış mərasimində AA-nın 1920-ci il Qurtuluş Savaşından başlayaraq tutduğu obyektiv xəbərçilik yoluna nəzər saldı və bu yolda ulu öndər Mustafa Kamal Atatürkün fəaliyyətlərini şükranla andı: "Bu xəbər agentliyinin qayəsində ümid, həyəcan, idealizm var. Biz də qərara aldıq ki, bölgədə sülh, istiqrar və hüzura çalışan yeni Türkiyənin amalına uyğun bir agentlik olmalıyıq. Odur ki, özümüzü yeniləməyə, güclənməyə və dünyanın ən sayılıb-seçilən 5 xəbər agentliyindən biri olmağa doğru addım atdıq". "AA-nın 100 illik yayımı" adlı yeni layihəyə başladıqlarını vurğulayan K.Öztürk 11 əcnəbi dildə yayıma başlayacaqlarını bildirərək, bu yolda ilk addımı atdıqlarını vurğuladı və bundan qürur duyduqlarını bəyan etdi: "AA-nın tarixində bu günü çox önəmli dönüş nöqtəsi adlandırmaq olar. Həyəcanlı və qürurluyuq. Çünki bu tarixi səhifəni yaxın zamanlarda böyük dərdlərə qalib gələn, xalqlar arasında psixoloji divarları yıxaraq yeni başlanğıca start verməyi bacaran Sarayevoda açırıq. Ümidvarıq ki, bu gün sınaq yayımına başlayacaq 3 dildə xəbər yayımı bu dilin daşıyıcıları arasında əbədi sülhə və onların təmsil etdikləri ölkələrlə Türkiyə arasında əlaqələrin inkişafına xidmət edəcək. Sevgidən xəbər hazırlamaq üçün buradayıq". Çıxışı zamanı K.Öztürk ötən ay Türkiyəyə ziyarəti zamanı Bakir İzzetbeqoviçin "AA Xəbər Akademiyası"nda "müharibəni jurnalistlərin xəbərləri başlatdı, media böyük gücdür" fikrinə də aydınlıq gətirdi: "Hörmətli başqan, heç şübhəniz olmasın ki, "Anadolu Ajansı"nın qapıları və xəbərləri sülh istəyənlərin üzünə açıqdır. Bosniyalı mərhum jurnalist və şair Əlirza Qaşi bir şeirində sevgiyə dair xəbərlərin olmadığından şikayət edirdi. Odur ki, bir az da sevgidən xəbər hazırlamağa gəldik. Biz bura xoş niyyətdən də artıq bir sevgi ilə qədəm basdıq. Kemo Montenonun "Sarayevo Lubavi Moya (Sarayevo sevgilim)" adlı mahnısı bizim də mahnımızdır. Biz bu ölkəyə, bu şəhərə sözlə ifadə oluna bilməyəcək məhəbbətlə ayaq qoyduq. Gəlişimizin məqsədi məhz budur. Sevdalinkanın nəğmələri qədər səmimi, Drina suları qədər dərin, Sarayevo xalqının qəhrəmanlığı qədər böyük bir sevgi ilə sizin yanınızdayıq. Bu dəfə xoşbəxtliyin, qardaşlığın, dostluğun, sevincin xəbərini hazırlamaq üçün gəldim. Sarayevoya səfər edərkən bizə bu sevgini aşılayan, ölkələrimiz arasında tarixi bağların yenilənərək möhkəmlənməsinə xidmət edən, Türkiyədə adları Bosniya və Hersoqovina ilə yanaşı çəkilən bir qrup ziyalıları və hörmətli şəxsləri də bərabərimizdə gətirdik. Müstəqil Bosniya və Hersoqovinada ilk səfirimiz olan, Ankara ilə Sarayevo arasında könül körpüsü quran hörmətli Şükrü Tufan, müharibə illərindən bu günədək ölkənizə yardım kampaniyaları həyata keçirən, xalqlarımız arasında ruhi yaxınlığı təmin edən hörmətli Süleyman Gündüz, Hüseyn Kansu, Bahadır İslam, Mukadder Tanok Kırbaş, jurnalist həmkarım Münire Coşkun Atamer də bizimlədir. Bura onların və adlarını çəkmədiyimiz neçə-neçə igid insanların salamlarını, dualarını alaraq gəldik. Onların timsalında bir çox idealistin çətin şəraitdə açdığı yollardan keçərək gəldik və buna görə onların hər birinə minnətdarıq".

AA'nın Balkan Bölgə Təmsilçiliyinin Bosniya və Hersoqovina, eləcə də bütün bölgə dövlətləri üçün xeyirli-uğurlu olmasını diləyən Kamal Öztürk Ulu Tanrıya şükür edərək qardaş ölkənin qurucusunu da hörmətlə xatırladı: "Rəbbim yardım əlini üzərimizdən çəkməsin. Bosniya və Hersoqovinanın qurucusu, qəlblərimizdə həmişəlik taxt qurmuş Aliya İzzetbeqoviçi də dərin hörmətlə anıram''.

K.Öztürk çıxışını Bosniya dinidə "xoş gəldiniz " mənasını verən ''dobro doşli'' kəlmələri ilə bitirdi.

Tədbir İzzetbeqoviç, Bozdağ və Öztürkün AA-nın Boşniya, Serb və Xorvat dilində internet vasitəsilə yayıma start verməsi ilə yekunlaşdı.

O.M.