İş adamı Ağcabədi RİH-nın müavininin psixi xəstə olduğunu sübut etməyə çalışır

İş adamı Ağcabədi RİH-nın müavininin psixi xəstə olduğunu sübut etməyə çalışır

16 Mart 2012 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkün Teyyub Eminov bu rayonun icra hakimiyyəti başçısının müavini Rövşən Əhmədovun qanunsuz hərəkətləri ilə bağlı mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, ona 1994-cü ildən mülkiyyətində olan kiçik mağazasında yenidənqurma işləri görməyə imkan verilmir. "Mülkiyyətimdə olan kiçik mağazamı yenidən tikmək üçün icra hakimiyyətinin müavini Rövşən Əhmədov məndən 4 min manat rüşvət tələb etdi. Bu pul mağazamın bir neçə illik gəlirindən çoxdur. Mən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xəttinə zəng edib R.Əhmədovun rüşvət tələb etməsi barədə məlumat verdim. Bundan sonra məni məhkəməyə verdilər. Məhkəmə sənədlərimi araşdıraraq xeyrimə qərar qəbul etdi. Amma icra hakimiyyəti başçısının müavini özəl mağazamı işlətməyə imkan vermir", - deyə o qeyd edib.

Sahibkar həmçinin icra hakimiyyəti başçısının müavini barədə maraqlı sənəd nümayiş etdirib. Sənəd hərbi komissarlığa təqdim edilib. Sənəddə yazılıb ki, R.Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil. "Psixi çatışmazlığı səbəbindən əsgəri xidmətə yararlı olmayan bir insan hazırda icra hakimiyyəti başçısının müavini vəzifəsini yerinə yetirir",- deyə o qeyd edib.

Sahibkarların dedikləri ilə bağlı Ağcabədi rayon icra hakimiyyətindən hər-hansı məlumat almaq mümkün olmayıb. Turan xəbər agentliyinin müxbiri dəfələrlə rayon icra hakimiyyətinin əlaqə telefonuna zəng etsə də, R.Əhmədovla telefon danışığı mümkün olmayıb.

O.M.