Həbsdə olan AXCP fəalı Ruslan Bəşirli əfv olunması üçün prezidentə məktub göndərdi

Həbsdə olan AXCP fəalı Ruslan Bəşirli əfv olunması üçün prezidentə məktub göndərdi

15 Mart 2012 12:10
Bəyəndim (0) Bəyənmədim (0)
Müxalifət isə buna inanmır

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Yeni fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirli əfv olunması üçün prezident İlham Əliyevə məktubla müraciət edib. R.Bəşirli məktubunda həbsdə olduğu müddətdə tam islah olduğunu qeyd edib.

Xatırladaq ki, R.Bəşirli 2005-ci il, avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci ("hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama") maddəsi ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
R.Bəşirli prezidentə ünvanlanan ərizəsində cəzasının 6 il 7 ayını çəkdiyini və etdiyi cinayətin məsuliyyətini anlayaraq səhvini başa düşdüyünü yazıb: "O dövrdə olduqca gənc və bu səbəbdən də çılğın olduğum üçün sizi və bizi istəməyən qüvvələrin təsirinə düşmüşəm. Artıq bu illər ərzində keçmişi analiz edərək səhvlərimi dərk etmişəm. Mən tamamilə islah olunmuş bir gənc olaraq müsbət tendensiyalı fəaliyyətinizə öz dəstəyimi ifadə edirəm. Bu dəstəyimi azadlıqda da davam etdirmək fikrindəyəm. Mənə etimad göstərib azadlığa çıxmağıma səbəb olacağınız təqdirdə bacardığım sahədə çalışıb sizin fəaliyyətinizi dəstəkləyəcəyəm. Ailə üzvlərim də həsrətlə mənim yolumu gözləyir. Sizdən ailə vəziyyətimi də nəzərə almağınızı xahiş edirəm. Onu da bildirim ki, mən həbsdə olsam da ailə üzvlərim sizin fəaliyyətinizi hər zaman dəstəkləyiblər.
Cənab prezident! Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edirəm ki, əfv edilməyim barədə sərəncam verəsiniz. Bundan sonra sizin fəaliyyətinizi qısqanclıqla qarşılayan qüvvələrə qoşulmayacağam. Təbii ki, bura özlərini müxalifət adlandıran qüvvələr daxildir".
Məsələni şərh edən AXCP sədrinin müavini Gözəl Bayramlı dedi ki, R.Bəşirlinin həbs müddəti üç aya başa çatır, indiyə qədər də əfv ərizəsi yazmaqdan imtina edib: "Azadlığa çıxmasına az vaxt qaldığı bir zamanda əfv ərizəsi yazdığına inanmıram. Bu məlumat ən birinci hakimiyyətə yaxın xəbər portallarında dərc olunub. İnanmıram ki, Ruslan əfv ərizəsi yaza".
R.Bəşirlinin atası Cəlil Bəşirli isə "Yeni Müsavat" qəzetinə açıqlamasında dedi ki, məhbusun prezidentə əfv ərizəsi yazmaqda qəbahətli heç nə yoxdur: "Prezidentə əfv ərizəsi yazmayan məhbus azadlığa çıxa bilmir. Onun əfv ərizəsi yazmağından xəbərim yoxdur. Oğlum əfv ərizəsi yazmaqla düzgün addım atıb. Ailəsi, nişanlısı onun yolunu gözləyir. Burada heç bir qəbahət yoxdur".

O.M.