"Gəlinimizin Ziya Məmmədovun qardaşı qızı olduğunu bilmirdik"

"Gəlinimizin Ziya Məmmədovun qardaşı qızı olduğunu bilmirdik"

14 Mart 2012 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Bizim ailəmiz heç zaman gəlinimizin kimin qohumu olmasının marağında olmayıb. İki gəncin sevgisinə hörmətlə yanaşıb, onları nişanlamışıq. Oğlum qızla tanış olandan 7-8 ay sonra nazirin qardaşı qızı olduğunu bilmişəm. Bircə onu bilirəm ki, ailə tərbiyəsi, əxlaqı olan, əsl Azərbaycan kişisinin qızını oğluma almışam".

Bunu "Qafqazinfo"ya açıqlamasında Tənzilə Rüstəmxanlı, oğlunun nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı ilə nişanlanması barədə yayılan xəbərlərə cavab olaraq deyib.
T. Rüstəmxanlının sözlərinə görə, oğlunun Kiprdə təhsil aldığı zaman sözlüsü olduğu qızla çəkdirdiyi fotoların yayımlanmasını, iki il öncə olan məsələnin yenidən gündəmə gəlməsini anlaya bilmir: "Şəxsi ailə həyatımın cəmiyyətə nə dəxli var, nəyə gərəkdir kiminsə nişanlı olduğunu, nişanını qaytardığını müzakirə etmək? Cəmiyyətimizdə o qədər problemlərimiz var ki, niyə onları müzakirə etmirik, kiminsə həyatını gündəmə gətirik? Oğlum 25 yaşında, ali təhsilini Şimali Kipr Türk Cümhuriyyətində almış hüquqşünasdır və hazırda aktiv ictimai fəaliyyətlə məşğul olur. Hərbi xidmətini başa vurub. Onun 50 qızla şəkli ola bilər. Kiprdə oxuduğu zaman bir xanımla sözlü olub, sonra alınmayıb. Bunun cəmiyyətə nə dəxli var? Oğlum mənə deyir ki, ana mən evlənə bilmərəm ki? Niyə mətbuatda mənim evlənməyim manşet verilir? Ümumiyyətlə, ailə məsələlərinin mətbuatda müzakirə edilməsinin tam əleyhinəyəm".

Xatırladaq ki, bu gunlərdə xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı ilə nişanlanıb. Nişan mərasimi Z.Məmmədovun qardaşı İldırım Məmmədovun yaşadığı Ucar rayonunda baş tutub. Rüstəmxanlıların gələcək gəlini Azərbaycan Tibb Universitetinin tələbəsidir.

O.M.