Fransanın Azərbaycandakı səfirinin həyat yoldaşı kokain əldə etməkdə və saxlamaqda ittiham olunur

Fransanın Azərbaycandakı səfirinin həyat yoldaşı kokain əldə etməkdə və saxlamaqda ittiham olunur

13 Mart 2012 12:52
855
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Azərbaycandakı səfirinin həyat yoldaşı, serb dramaturq Bilyana Srblanoviç kokain əldə etməkdə və saxlamaqda ittiham olunur. APA-nın Serbiyanın "Telegraf.rs" portalına istinadən verdiyi məlumata görə, Belqrad Ali Məhkəməsi hələlik B.Srblanoviçi rəsmi ittihamla tanış edə bilmir, çünki o, polis və hakimə yanlış ünvan verib. Ali Məhkəmənin mətbuat katibi Duşitsa Ristiç deyib ki, ittiham aktını xanım Srblanoviçə təqdim edə bilmədikləri üçün məhkəmə iş üzrə prosesə başlaya bilmir. Məlumatlı mənbə "Telegraf.rs" portalına bildirib ki, B. Srblanoviç ünvanını göstərməməklə Fransanın Serbiyadakı sabiq səfiri, hazırda Azərbaycanda səfir olan həyat yoldaşı Qabriel Kellerin karyerasını təhlükəyə atmaq istəmir.

Qeyd edək ki, B. Srblanoviç 2011-ci il dekabrın 1-də küçə alverçilərindən kokain alarkən saxlanılıb. Polisin məlumatına görə, xanım Srblanoviç iki dəfə kokain alaraq bu məqsədlə hər dəfə 60 avro ödəyib.
Fransanın Azərbaycandakı səfirliyindən bildirilib ki, onlar Serbiya mediasının informasiyasını şərh etmirlər.
B. Srblanoviç tanınmış dramaturqdur. Onun 5 pyesi 20 dilə tərcümə olunub və Avropa və Amerikanın 50-dən çox teatrında səhnəyə qoyulub. Bundan başqa, xanım Srblanoviç fəal ictimai xadim kimi də tanınır. O, Liberal-Demokrat Partiyası Siyasi Şurasının keçmiş üzvüdür və 2008-ci ildə Belqrad meri vəzifəsinə əsas namizədlərdən biri olub.

O.M.