Oxumeni.az-ın fəaliyyəti gün ərzində tam gücü ilə bərpa olunacaq

Oxumeni.az-ın fəaliyyəti gün ərzində tam gücü ilə bərpa olunacaq

12 Mart 2012 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, 09 mart günü axşam saatlarında "Mətbuat" firmasının baş ofisində dəhşətli bir yanğının qarşısı alınıb. "Min bir kriminal" qəzetinin redaktoru Aqil Hüseynovun verdiyi məlumata görə, bir neçə qəzet nəşrə hazırlanarkən gözlənilmədən şirkətin baş ofisindəki elektrik sistemində qısaqapanma olub. Bakı şəhəri Mətbuat prospekti - 22 ünvanında yerləşən "Mətbuat" firmasının baş ofisində elektrik təminatının kəsilməsi ilə müşayiət olunan lokal yanğın hadisəsi baş verib. Ofisdə olan təxminən 15 əməkdaşın səyi nəticəsində yanğın geniş əraziyə yayılmadan söndürülüb.

Srağagün səhər saatlarından etibarən ofisdə elektrik xətlərinin təmir və yenidənqurulması işlərinə başlanılıb. Proses bu saatlara qədər davam edir. Ofisin elektrik təchizatında yaranmış fasilələrlə əlaqədar Oxumeni.az saytı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. İşlər yaxın bir neçə saat ərzində yekunlaşacaq və saytın fəaliyyəti tam bərpa olunacaq.

Xatırladaq ki, "Mətbuat" firmasının nəzdində "Min bir kriminal" və "Serial" qəzetləri ilə yanaşı "Avropa" radiosu, Oxumeni.az saytı, "Oxu Məni", "Mən və Sən", "Super Sport", "Super Krossvord" qəzetləri və "Azərbaycan polisi" jurnalı fəaliyyət göstərir. "Avropa" radiosu şirkətin Həsən Seyidbəyli-9 ünvanındakı ofisində yerləşdiyindən fəaliyyətində heç bir problem yaşanmayıb.

O.M.