Oxumeni.az saytı texniki problemlərlə əlaqədar fəaliyyətini bir neçə saatdan sonra bərpa edəcək

Oxumeni.az saytı texniki problemlərlə əlaqədar fəaliyyətini bir neçə saatdan sonra bərpa edəcək

10 Mart 2012 15:53
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən axşam saatlarında "Mətbuat" firmasının ofisində yanğının qarşısı alındı

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında "Mətbuat" firmasının baş ofisində dəhşətli bir yanğının qarşısı alınıb. "Min bir kriminal" qəzetinin redaktoru Aqil Hüseynovun verdiyi məlumata görə, bir neçə qəzet nəşrə hazırlanarkən gözlənilmədən şirkətin baş ofisindəki elektrik sistemində qısaqapanma olub. Bakı şəhəri Mətbuat prospekti - 22 ünvanında yerləşən "Mətbuat" firmasının baş ofisində elektrik təminatının kəsilməsi ilə müşayiət olunan lokal yanğın hadisəsi baş verib. Ofisdə olan təxminən 15 əməkdaşın səyi nəticəsində yanğın geniş əraziyə yayılmadan söndürülüb. Bununla belə, nəşrə hazırlanan "Serial" qəzetinin 2 səhifəsi, yəni yazıçı Könül Ayparanın qələmə aldığı "Dinsiz dindarlar" adlı əsər texniki səbəblərdən başqa səhifələrlə əvəz olunub.

Bu gün səhər saatlarından etibarən ofisdə elektrik xətlərinin təmir və yenidənqurulması işlərinə başlanılıb. Proses bu saatlara qədər davam edir. Ofisin elektrik təchizatında yaranmış fasilələrlə əlaqədar Oxumeni.az saytı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. İşlərin yaxın bir neçə saat ərzində yekunlaşacağı və saytın fəaliyyətinin bərpa olunacağı gözlənilir.

Xatırladaq ki, "Mətbuat" firmasının nəzdində "Min bir kriminal" və "Serial" qəzetləri ilə yanaşı "Avropa" radiosu, Oxumeni.az saytı, "Oxu Məni", "Mən və Sən", "Super Sport", "Super Krossvord" qəzetləri və "Azərbaycan polisi" jurnalı fəaliyyət göstərir. "Avropa" radiosu şirkətin Həsən Seyidbəyli-9 ünvanındakı ofisində yerləşdiyindən fəaliyyətində heç bir problem yaşanmayıb.

O.M.