Almaniyada Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlərə dair mətbuat konfransı təşkil olundu

Almaniyada Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlərə dair mətbuat konfransı təşkil olundu

6 Mart 2012 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 22-dən 29-dək Almaniyada keçirilən tədbirlərin yekunlarına dair mətbuat konfransı təşkil olunub. "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib ki, fevralın 23-də Berlin şəhərində anım mərasimi keçirilib: "Səmimi etiraf edirik ki, alman xalqının bizə isti münasibətinin yaranmasında ölkəmizin Almaniyadakı səfirliyinin, Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin və digər soydaşlarımızın rolu böyükdür. Tədbirin ən maraqlı anlarından biri professor Rüdiqer Kipkenin "Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi", kanadalı jurnalist Skot Teylorun "Barışmaz ziddiyyətlər. Türkiyə, Ermənistan və Azərbaycan" kitablarının təqdimatı oldu".

Ş.Sabiroğlu bildirib ki, Xocalı soyqırımı zamanı doğmalarını itirən bir qrup uşaq 1994-cü ildə Almaniyada reabilitasiya dövrü keçib: "18 ildən sonra həmin uşaqlardan Elməddin Bağırov, Aliyə Abışova, Seymur Çobanov, Tacir Əzizov, İbrahim Həsənov onlara ata-ana kimi qayğı göstərən insanlarla görüşüblər".
Konfransda qeyd olunub ki, səfər zamanı keçirilən tədbirlər zamanı "Qaçqın Anar Usubovun uzun sürən səyahəti" və "Biz geri qayıdacağıq" filmlərinin nümayişi olub, Berlindəki Türk Evində, "Berlin-Bakı qalereyası"nda, Hamburq və Kölndə silsilə tədbirlər keçirilib.
Mətbuat konfransı çərçivəsində "Səhər" qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri işləmiş Şamil Sabiroğlunun və "AzərTAc"ın fotomüxbiri İlqar Cəfərovun hadisələr zamanı çəkdikləri fotolardan ibarət sərgi də təşkil olunub.

O.M.