Media nümayəndələri və deputatlar Dağlıq Qarabağ ərazisinə səfər etdilər

Media nümayəndələri və deputatlar Dağlıq Qarabağ ərazisinə səfər etdilər

5 Mart 2012 11:54
691
Bəyəndim (0) Bəyənmədim (0)

Media nümayəndələri, Milli Məclisin üzvləri, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbərliyi Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan Nərgiztəpə və Daşlıtəpə ərazisinə səfər ediblər. Səfər Parlament Jurnalistləri Birliyinin (PJB) təşəbbüsü, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi, Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) və Xocavənd rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə gerçəkləşib.

Səfərdə jurnalistlərlə birlikdə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa RİH başçısı Bayram Səfərov, bu təşkilatın İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, GTMŞ-nin sədri Fuad Muradov, Xocavənd RİH başçısı Eyvaz Hüseynov, Xocalı rayon İH başçısı Şahmar Usubov, Beyləqan RİH başçısı İrşad Əliyev və Şuşa rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov iştirak edib.
Səfər iştirakçıları əvvəlcə Xocalı RİH-in inzibati binasında olub, daha sonra Haramı düzündən keçməklə Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan Nərgiztəpə və Daşlıtəpə ərazisinə yollanıb. İştirakçılar hər iki yüksəklikdə ucaldılmış Azərbaycan bayrağı və şəhidlərin xatirəsinə yaradılmış abidələr önündə baş əyib.
Sonda Nərgiztəpə yüksəkliyindəki Şəhidlər Kompleksini ziyarət edən səfər iştirakçıları burada toplantı keçiriblər. Toplantıda çıxış edən "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri, Şuşa RİH başçısı Bayram Səfərov, millət vəkilləri Rövşən Rzayev və Fuad Muradov, Xocavənd RİH başçısı Eyvaz Hüseynov və başqaları hazırda Azərbaycanın nəzarətində olmayan Dağlıq Qarabağ ərazilərinin və digər yeddi rayonun tezliklə işğaldan azad olunacağına inandıqlarını bildiriblər. PJB sədri Elşad Eyvazlı qurumun beynəlxalq jurnalist təşkilatlarına, Dağlıq Qarabağın erməni əsilli sakinlərinə, eləcə də bölgədə çalışan jurnalistlərə müraciətini oxuyub. O, müraciətin digər dillərdə yayılacağını bildirib.
Səfər iştirakçıları Nərgiztəpə yüksəkliyindən Dağlıq Qarabağın erməni işğalında olan ərazilərinin yandırıldığını, burada tüstülənmə olduğunu müşahidə ediblər.
Qeyd edək ki, Nərgiztəpə ərazisindən Şuşa şəhərinə 68 kilometr, Ağdərə şəhərinə 63 kilometr, Xocalı şəhərinə isə 51 kilometr məsafə var.

O.M.