Quba Rayonu İcra Hakimiyyətinin başçısı istefa verdi

Quba Rayonu İcra Hakimiyyətinin başçısı istefa verdi

1 Mart 2012 22:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qubanın millət vəkili Vahid Əhmədovun verdiyi məlumata görə, Quba Rayonu İcra Hakimiyyətinin başçısı Rauf Həbibov tutduğu vəzifədən istefa verib. Rauf Həbibovun səlahiyyətlərini müvəqqəti olaraq Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov icra edəcək.

Xatırladaq ki, bu gün Quba rayon İcra Hakimiyyətinin (RİH) binası qarşısında kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları bir neçə gün əvvəl Quba RİH başçısı Rauf Həbibovun internetdə yayılan videosuna etiraz edib.
Quba rayon İcra Hakimiyyətinin başçısı etiraz edən qubalıların qarşısına çıxıb. O üzr istəyib, Qubanın və qubalıların ona əziz olduğunu bildirib. Buna baxmayaraq, etirazçılar dağılışmayıblar. Nəticədə, polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Etirazçılar İcra Hakimiyyətinin içərisinə girərək, qonaq otağını dağıdıblar.
Etirazçıları dağıtmaq üçün əraziyə Daxili Qoşunların əsgərləri cəlb olunub, gözyaşardıcı qazdan istifadə edilib. Sonra etirazçılar rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evinin qarşısına toplaşıb. Onlar R.Həbibovun evini alova qərq edib.
Bir müddət sonra nəqliyyat naziri Ziya Məmmədov, Qubadan seçilən millət vəkili Vahid Əhmədov Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun yandırılan evinin qarşısında toplaşan etirazçılarla görüşüblər. Onlar etirazçıların qarşısında çıxış ediblər.
O.M.