Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru müdafiə nazirindən Ali Baş Komandana şikayət etdi

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru müdafiə nazirindən Ali Baş Komandana şikayət etdi

29 Fevral 2012 19:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev Müdafiə Nazirliyinin onu məhkəməyə verməsinə münasibət bildirib. L.Əliyev Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzinin rəisi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra barəsində başlanmış cinayət işi, yaşadığı evin onun əlindən alınması ilə bağlı Müdafiə Nazirliyinin iddiası əsasında keçirilən məhkəmə prosesi və digər məsələlərdən danışıb.

General qeyd edib ki, 3 il əvvəl - 2009-cu ilin aprelində Təlim Tədris Mərkəzinin rəisi vəzifəsində çalışarkən nazirlik tərəfindən ona qarşı qərəzli münasibət başlayıb: "Həmin il məni vəzifədən uzaqlaşdırmaq məqsədilə Təlim Tədris Mərkəzində qərəzli yoxlamalara başlandı, yoxlamaların nəticəsi olaraq mənə qarşı saxta cinayət işi qaldırıldı. Məni dövlətə külli miqdarda ziyan vurmaqda günahlandırırdılar. Bu ədalətsizliyə dözməyən, mənim tabeçiliyimdə olan bir mayor ürək tutmasından öldü. Mənimlə yanaşı, bir polkovnik-leytenant işdən çıxarıldı. Uzun müddət davam edən istintaq tədbirləri nəticəsində günahsız olduğum sübuta yetirildi və cinayət işinə xitam verildi".
L.Əliyev həmçinin bildirib ki, cinayət işinə xitam verildikdən sonra Müdafiə Nazirliyi onun yaşadığı evdən çıxarılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib: "Ötən ilin mart ayında məni və ailə üzvlərimi yaşadığımız evdən çıxarmaq məqsədilə nazirliyin iddiası əsasında məhkəmə başladı. Məhkəmədə məlum oldu ki, həmin mənzili mənə nazirlik özü verib və orda qanuni yaşayıram. Buna görə də Yasamal Rayon Məhkəməsi Müdafiə Nazirliyinin iddiasını təmin etmədi. Lakin evi əlimdən almaqda iddialı olan Müdafiə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Sözügedən mənzildə qanuni əsaslarla yaşadığımı əsas gətirən məhkəmə apellyasiya şikayətini də təmin etmədi".
Yaşadığı mənzilin ona qanuni şəkildə verildiyini qeyd edən L.Əliyev hazırda da hərbi xidmətini davam etdirdiyini, general-mayor hərbi rütbəsi daşıdığını bildirib: "Rütbəm general olsa da, polkovnik səviyyəsində olan vəzifədə işləyirəm. Bununla belə, Müdafiə Nazirliyinin mənə qarşı qərəzli münasibəti davam edir. Bilirsiniz ki, qardaşım oğlu Emin Əliyev ötən il cəbhə bölgəsində şəhid olub. Onun atası 1998-ci ildə avtomobil qəzasında dünyasını dəyişdiyi üçün Emin mənim himayəmdə, məhkəmə mövzusuna çevrilən həmin mənzildə böyüyüb, ailəmin bir üzvü olub. O, ötən ilin yayında hərbi təhsilini başa vurduqdan sonra döyüş bölgəsində xidmətə başladı. Onu deməliyəm ki, hərbi məktəbi yeni bitirmiş məzunlar heç vaxt birbaşa döyüş bölgəsinə, ön xəttə göndərilmirlər. Məzunlar ən azı altı ay ehtiyat hissələrdə xidmət aparmalı olduğu halda, Müdafiə Nazirliyi bir daha məsələyə qərəzli yanaşaraq, Emini ön xəttə göndərdi. Nəticəsi də məlumdur. Ötən ilin noyabr ayında Emin şəhid oldu. Mənim himayəmdə olan Emin şəhid olduqdan iki həftə sonra Müdafiə Nazirliyi yenidən məni evdən çıxarmaq iddiası ilə kasasiya şikayəti verdi. Ali Məhkəmə şikayətə baxaraq, iddianı təmin etmədən işi Bakı Apelyasiya Məhkəməsinə göndərib".
L.Əliyev bu gün yaşadığı evi çox böyük çətinliklə əldə etdiyini bildirib: "Mən hələ sovetlər ittifaqı dövründən hərbiçi kimi çalışıram. Əvvəllər Gəncədə xidmət edirdim, orda evim vardı. Bakıya, Təlim Tədris Mərkəzinə rəis təyin ediləndən sonra Gəncədəki evimi təhvil verdim və bu gün yaşadığım evi almaq üçün növbəyə dayandım. Ailəmdə əlil uşaq ola-ola, uzun müddət ev növbəsində qaldıqdan sonra mənə ev verdilər. Tam qanuni əsaslarla mənə verilən bu evi indi qanunsuz hesab edərək əlimdən almaq istəyirlər. Səbəb isə onu göstərirlər ki, guya mənim yaşadığım evin yerləşdiyi ərazini qanunsuz zəbt eləmişəm. Nazirlik iddiasında bildirir ki, həmin ərazidə yataqxana tikiləcək. Lakin həmin yataqxanada mənə mənzil verilməyəcək. Ali Məhkəmə də məhz buna görə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Məhkəmə üçün də maraqlıdır ki, necə olur, uzun müddət hərbçi olan şəxs yaşadığı evdən çıxarılır, əvəzində ona mənzil verilmir".
L.Əliyev bu gün Azərbaycan hərbçilərinin mənzil təminatı ilə bağlı çox ciddi problemlərinin olduğunu deyib, bunda Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevi günahlandırıb. Qarşılaşdığı ədalətsizliklər və hərbçilərin problemlərlə bağlı fevralın 1-də Ali Baş komandan, prezident İlham Əliyevə raportla müraciət etdiyini qeyd edən general, raportunun artıq Ali Baş komandana çatdığını deyib, müraciətə müsbət reaksiya veriləcəyinə ümidvar olduğunu vurğulayıb.

O.M.