Rəsmi İran müsəlmanları "Ağ Ev"i yandırmağa səslədi

Rəsmi İran müsəlmanları "Ağ Ev"i yandırmağa səslədi

25 Fevral 2012 21:29
Bəyəndim (0) Bəyənmədim (0)
"Əgər günahkar komandirlərin hamısı asılsa, onda biz peşmançılığın səmimiyyətinə inanarıq"

"ABŞ hərbçiləri Əfqanıstanda Quranı yandırdıqları üçün Barak Obamanın üzr istəməsini heç bir müsəlman qəbul etməməlidir. Ancaq "Ağ Ev"in yandırılması bizim yaralarımıza məlhəm ola bilər". Bu sözlər İran ordusunun komandanı Mohammad Rza Naqda aiddir.

Qeyd edək ki, cümə axşamı günü Barak Obama Əfqanıstan prezidenti Həmid Kərzaiyə Baqram hərbi bazasındakı insidentə görə rəsmi üzr barədə məktub göndərib. Məktubda B.Obama müqəddəs Quranın yandırılmasına üzüldüyünü və buna görə rəsmən və səmimi şəkildə üzr istədiyini bildirib və söz verib ki, günahkarlar qısa zamanda məsuliyyətə cəlb olunacaqlar.

Lakin İranın hərbiləşdirilmiş polis qoşunlarının briqada generalı bu etirafı yetərsiz hesab edib və bütün dünya müsəlmanlarını ABŞ-a qarşı cihada səsləyib. Ordu komandanı bir şərtlə ABŞ-ı bağışlamağın mümkün olduğunu bildirib: "Əgər günahkar komandirlərin hamısı asılsa, onda biz peşmançılığın səmimiyyətinə inanarıq".

Xatırladaq ki, çərşənbə axşamı günü Kabilin Baqram hərbi bazasının yaxınlığındakı həbsxanadan müsadirə edilmiş dini ədəbiyyat yandırılaraq zibil qablarına boşaldılıb. Buna etiraz əlaməti olaraq, minlərlə əfqan küçələrə axışıb. Bu saata olan ən son məlumata görə, səngimək bilməyən qarşıdurmalarda ən az 28 nəfər həlak olub, onlarla insan yaralanıb.

Dünya barıt çəlləyinə dönüb. Kiçik bir alov hər şeyi yerlə yeksan edə bilər...

Murad Şahməmmədov

O.M.