ABŞ mətbuatı Xocalı faciəsini işıqlandırır

ABŞ mətbuatı Xocalı faciəsini işıqlandırır

25 Fevral 2012 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya çərçivəsində bu gün nüfuzlu "New-York Times" və "Washington Post" qəzetlərinin buraxılışında bütöv bir səhifə Xocalı soyqırımına həsr olunub. Bu iki qəzetin ümumi tirajı 3 mln. ədəddir.

Həmçinin, "Washington Post", "New-York Times" və "Politico" nəşrlərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirilib. Təkcə bu pop-up vasitəsilə bu saytları ziyarət edən 10 mln-a yaxın insana Xocalı həqiqətləri çatdırılacaq. Bundan başqa, ABŞ-ın məşhur və ən geniş izləyici auditoriyası olan telekanallarından biri CNN adı çəkilən kampaniya haqqında bir neçə dəqiqəlik reportaj hazırlayıb.
"New-York Times" və CNN-də gedən materiallarda 20 il öncə azərbaycanlıların məruz qaldığı bu dünya miqyaslı cinayət barəsində oxuculara məlumat verilir. Eyni zamanda, bu ədalətsizliyə biganə qalmamaq və Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün dəstək olmağa, ABŞ prezidenti və konqresmenlərinə "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır" adlı məktub göndərmək çağırışı edilir. Bunun üçün AAA-nın veb-saytında yaradılmış xüsusi bölməyə daxil olmaq lazımdır. Saytda həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar yerləşdirilib.
AAA-nın Xocalı soyqırımının 20 illiyi münasibəti ilə Amerikada həyata keçirdiyi kampaniya ümumilikdə yüz milyonlarla insanı əhatə edir və silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu-York və Vaşinqton şəhərlərinin mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlər yerləşdirilib.
Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan "Penn Station"da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər, həmçinin, avtobus dayanacaqlarında və avtobuslar üzərində bannerlər, Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, "Capitol Hill"ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 mln-dan artıq insanın bu poster və bannerləri görməsi gözlənilir.
"Bu il Xocalı soyqırımının 20-ci ildönümüdür. Artıq o dəhşətli qətliamdan uzun zaman keçsə də, Azərbaycan xalqı ağrılı gününü heç vaxt unutmayacaq. Azərbaycan Amerika Alyansı təsis olunarkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılıq, əxlaqi dəyərlərimizi, tariximizi yaymaq və dünyaya çatdırmaqdır. Məhz Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansı bu kampaniyaya başlayıb. Dünyanın aparıcı KİV-ləri vasitəsilə biz milyonlarla amerikalıya 20 il öncə Xocalıda baş verənləri catdırırıq", - deyə AAA-nın təsisçisi Anar Məmmədov Xocalı soyqırımı ilə əlaqədar ABŞ-da keçirilən kampaniyanı şərh edərkən bildirib.
O.M.