Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkilatın baş katibinə məktub göndərdi

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkilatın baş katibinə məktub göndərdi

25 Fevral 2012 13:27
Bəyəndim (0) Bəyənmədim (0)

BMT İnformasiya Mərkəzinin məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkilatın baş katibinə məktub göndərib. Məktubda yazılır: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayətlər törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri qanunsuz silahlı qruplaşmalar və terrorçu qrupların, əsasən ermənilərdən təşkil olunmuş keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının dəstəyi ilə Xocalıya hücum etdi. Hücum nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadın, uşaq və yaşlılar öldürüldü, minlərlə dinc sakin yaralandı, əsir düşdü, onların çoxunun taleyi bu günədək məlum deyil, şəhər yerlə yeksan edilib".

Səfirin sözlərinə görə, Xocalıda törədilmiş vəhşiliyin həddi-hüdudu yoxdur, insanların başının dərisi soyulub, başları kəsilib, hamilə qadınlar süngüyə keçirilib: "Faktlar göstərir ki, Xocalı şəhərində törədilmiş qırğının məqsədi məhz bu insanlar azərbaycanlı olduğuna görə onları kütləvi şəkildə öldürmək olub. Bu dəhşətli cinayəti törətməklə onların məqsədi insanları qorxutmaq idi. Əsllində, Xocalı Azərbaycan ərazilərinə qarşı təcavüzün və etnik təmizləmənin davamı üçün bir məkan kimi seçilmişdi". Səfir həmçinin qeyd edib ki, Xocalıda törədilmiş cinayətlərə görə Ermənistanın, onun siyasi və hərbi rəhbərliyinin, tabeliyində olan silahlı qruplaşmaların məsuliyyət daşıdığını təkcə Azərbaycan hüquq-mühafizə orqanlarının əlində olan əhəmiyyətli məlumatlar sübut etmir, bu, həm də bir sıra müstəqil qurumlar, faciə şahidləri tərəfindən tanınıb və sənədləşdirilib, bunu hətta Ermənistanın yüksək rütbəli rəsmiləri və ölkənin ictimaiyyətə açıq mənbələr də qəbul edir: "Bu məsuliyyət beynəlxalq hüquq, xüsusilə də həm Ermənistan, həm də Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasından irəli gəlir."
A.Mehdiyev, həmçinin bildirir ki, Azərbaycana qarşı güc tətbiqi və ərazilərinin işğalına cavab olaraq BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə beynəlxalq humanitar hüququn pozulduğu, çoxlu sayda azərbaycanlının köçkün düşdüyü, dinc sakinlərə hücum edildiyi, insanların yaşadığı ərazilərin bombardman olunduğunu xüsusi qeyd edilir: "Bu qədər sayda müharibə cinayətləri, insanlığa və irqi ayrı-seçkiliyə qarşı yönələn cinayətlər müzakirəyə ehtiyac duymur. Ermənilərin Azərbaycana qarşı başladığı müharibənin səbəb və nəticələrinin ümumi qiymətləndirməsi aydın şəkildə göstərir ki, dinc əhalinin və onun müdafiəçilərinin əvvəlcədən planlaşdırılmış ölümü təsadüfi bir hərəkət deyildi, əksinə Ermənistanın geniş yayılmış və sistematik siyasətinin bir hissəsi idi. Bu siyasətin özülündə mənfur irqi üstünlük ideyaları, etnik fərqlilik və nifrət dayanır. Onu da qeyd etmək lazımdır ki, Xocalı qətliamı və azərbaycanlılara qarşı törədilən digər cinayətlər nəhayət ki, Ermənistanı əbədi qurban şəklində təsvir edən əfsanəni darmadağın etdi".
A.Mehdiyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti əmindir ki, milli səviyyədə görülən ardıcıl tədbirlər, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən daha da ağır cinayətlər üçün verilən cəzalar Xocalıda və Ermənistanın Azərbaycana qarşı təcavüzü ərzində törədilən digər ağır cinayətlərin cəzasızlığına son qoymağa xidmət edəcək: "Əmin olmaq lazımdır ki, cinayətkarların təqibi ya milli hüquqi sistem və üçüncü dövlətlərin müdaxiləsi, ya da müvafiq beynəlxalq cinayət institutları vasitəsilə yerinə yetirilir və zərurət olan zaman hökumətin məsuliyyəti mövcud dövlətlərarası mexanizmlər vasitəsilə təmin edilir".

O.M.