Təbrizlilər xocalıları yada saldılar

Təbrizlilər xocalıları yada saldılar

25 Fevral 2012 13:06
856
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Təbrizdəki baş konsulluğunun məlumatına görə, konsulluq binasında Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciənin mahiyyəti və acı nəticələri haqqında məlumatlar verilib.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək, tarix boyu dəfələrlə erməni millətçilərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, doğma torpaqlarından didərgin salınaraq qaçqına, məcburi köçkünə çevrilmiş Azərbaycan xalqının, bu faciə nəticəsində də ən dəhşətli qətliamlara məruz qaldığını diqqətə çatdırıb, yüzlərlə günahsız insanın qətlə yetirildiyini, itkin düşdüyünü, minlərlə insanın əsir götürüldüyünü, mədəniyyət müəssisələri, sosial-məişət obyektləri ilə yanaşı, müsəlman aləminə aid türbələrin, kümbəzlərin, qəbiristanlıq və məscidlərin yerlə-yeksan edildiyini, Xocalının ən qədin sakinləri olan azərbaycanlılara aid bütün izlərin həmin gecədə silindiyini bildirib.
Baş konsul Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi tərəfindən "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul olunması ilə başlanan Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə beynəlxalq səviyyədə ədalətli siyasi-hüquqi qiymətin verilməsi istiqamətində işlərin Azərbaycan hökuməti tərəfindən daim davam etdirildiyini, lakin bu faciənin beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət alması üçün ilk olaraq Azərbaycana dost və qonşu ölkələr tərəfindən dəstək verilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Baş konsul Azərbaycanla yanaşı, Türkiyədə, Şərqi Anadoluda, eləcədə İranın Xoy, Maku, Salmas və digər şəhərlərində də ermənilərin tarix boyu günahsız insanları qətlə yetirdiklərini, bunların da dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini diqqətə çatdırıb.
Türkiyənin Təbrizdəki baş konsulu da mərasimdə çıxış edərək Xocalı soyqırımının bəşəriyyət üçün qanlı faciə olduğunu, Azərbaycan xalqının kədərini anladıqlarını, faciənin qurbanlarını rəhmətlə andıqlarını diqqətə çatdırıb.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilib, faciənin qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair DVD filmlər, Xocalı əhalisinin dünya ictimaiyyətinə ünvanlanmış müraciəti və fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Xocalı soyqırımını əks etdirən foto-stendə baxıb, sərgilənən kitab və qəzetlərlə də tanış olublar.

O.M.