"APA-Group"un baş direktoru Türkiyənin "Cumhuriyet" qəzetinə Xocalı soyqırımı haqda danışdı

"APA-Group"un baş direktoru Türkiyənin "Cumhuriyet" qəzetinə Xocalı soyqırımı haqda danışdı

22 Fevral 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

"APA-Group"un baş direktoru Vüsalə Mahirqızının Türkiyənin nüfuzlu "Cumhuriyet" qəzetində yazısı dərc olunub. APA-nın məlumatına görə, yazı qəzetin köşə yazarı Mina Kırıkkanatın köşəsində yayımlanıb. Yazının Azərbaycan dilindəki variantını təqdim edirik:

"Onlar ailədə 4 nəfər idilər, axşam yeməyi üçün təzə süfrə başına keçmişdilər. Birdən çöldən səslər gəlməyə başladı: "Ermənilər gəlir, atəş açırlar". Valideynləri onun və 5 yaşlı bacısı Yeganənin əlindən tutub həyətə qaçdılar.
25 fevral axşamıydı, çöldə buz kimi hava vardı. Bir neçə gündən bəri yağan qar getdikcə güclənirdi. Hamı qaçırdı. Qəsəbəyə ən yaxın olan Ağdama tərəf gedən yol meşənin içindən keçirdi. Bir anda güllə yağışının ortasında qaldılar. Vurulanlar yerə yıxılır, hələ ki sağ qalanlar isə güllə yağışına tərəf qaçırdı. Çünki başqa yol yoxdu. Birdən əlindən tutan anası Rənanın fəryadını eşitdi, güllə başından dəymişdi, üzü qan içində yerə yıxıldı, atası ilə bacısı da anasına tərəf yüyürdülər. Bir güllə daha, biri də... Bacısı yerə sərildi, heç fəryada belə imkanı olmadan... Bacının qanı ağ qarı qıpqırmızı rəngə boyamışdı. Qorxudan titrəyən Xəzangül ağlayırdı, atası ölmüş anasını və bacısını buraxıb onun əlindən tutdu, qaçmağa başladılar, qarşılarını əsgər geyimlilər kəsdilər. Bircə həmlə ilə atasını da, onu da yük maşının içinə fırlatdılar.
Ermənilər əsir aldıqları uşaqları, qadınları, yaşlıları bura doldurmuşdular, bir də yaralanıb ayaq üstə dura bilənlər vardı. Ancaq indi atasının da qolundan qan axdığı fərq elədi. Onları heç tanımadıqları bir yerə apardılar. Kişilərin hamısını yaşlı, yaralı demədən ağaca bağladılar. 38 yaşlı atası Təvəkkülə sarı gələn əsgər bağırdı: "De ki, Qarabağ erməni torpağıdır". Atasından səs çıxmadı, döydülər, yarasına basdılar, təpiklədilər...
Onda 8 yaşındaydı Xəzangül, "ata, ata" fəryadı yeri-göyü inlədirdi.
Təvəkküldən səs çıxmayınca ermənilər hiddətləndilər. Atasının üstünə benzin tökdülər və bircə kibrit... Xəzangül bu dəhşəti 8 yaşında yaşadı. Və üzərindən 20 il keçəndən sonra atasının yanan bədənindən qalxan o iy gəlir hələ burnuna, fəryadı heç getmir qulaqlarından...
Xeyr, oxuduqlarınız bir romandan, ya da filmdən parça deyil. Bu, 20 il əvvəl Xocalıda bir ailənin yox edilməsinin gerçək dramıdır. 25-26 fevral 1992-ci ildə erməni terrorçuları qəsəbənin əksəriyyəti qadın, qoca və uşaq olmaqla 2500 sakininin üzərinə ağır silahlardan mərmi yağdırdı, 613 vətəndaşımız qətlə yetirildi, 1500-ə qədər dinc sakin yaralı vəziyyətdə meşədə tərk edildi, çoxu donub öldü, çoxlu əsirlərimiz oldu. Bəzilərinin aqibətindən hələ də xəbərsizik. Erməni terrorçuları bir neçə saat içində bir qəsəbəni yer üzündən sildilər.
Bu gün dünya parlamentləri 1915-ci ildə baş vermiş olaylarla bağlı qondarma "soyqırımı" qərarları qəbul edirlər. Həm də tarixi araşdırmadan, arxivlərə daxil olmaq zəhmətinə qatlanmadan... Amma vicdan, qürur, obyektivlik kimi dünyəvi anlayışların keçərli olduğu hər yerdə "soyqırımı" anlayışı barədə öncə bizdən, Azərbaycan türklərindən soruşulmalıdır. Çünki biz soyqırımı cəmi 20 il əvvəl bütün dəhşət və acılarıyla yaşadıq.
Fevralın 26-da Xocalıda yaşananların adı soyqırımından başqa bir şey ola bilməz.
Soyqırımı bir insanlıq cinayəti olaraq görənləri 26 fevralda, bu bazar günü saat 14-də Taksim Meydanına dəvət edirik. Dünyanın istənilən yerində tarixin istənilən çağında soyqırımı niyyəti ilə bir nəfəri belə qətlə yetirənləri lənətləməyi insanlıq vəzifəsi bilənləri 26 fevralda Taksimdə "Hamımız Xocalılıyıq" deyə hayqırmağa çağırırıq.

O.M.