Qaradağlı faciəsi Bakıdakı Şəhidlər Xiyabanında anıldı

Qaradağlı faciəsi Bakıdakı Şəhidlər Xiyabanında anıldı

17 Fevral 2012 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağlı faciəsinin 20-ci ildönümü ilə bağlı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Qaradağlı faciəsinin beynəlxalq səviyyədə tanınması üçün mühüm işlər aparılır: "Üç dildə Qaradağlı faciəsi ilə bağlı çəkilən film bu il fransız dilinə də dublyaj olunub".

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, filmin fransız dilinə tərcümə edilməsində məqsəd Fransa ictimaiyyətinin soyqırımı barəsində maarifləndirilməsinə yönəlib.
Qeyd edək ki, erməni hərbi birləşmələri Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-də azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra ermənilər fevralın 17-də kəndi işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıda girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb. Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib. Qaradağlı indi də işğal altındadır.

O.M.