Azərbaycanın dağ yollarında uçqunlar baş verdi

Azərbaycanın dağ yollarında uçqunlar baş verdi

4 Fevral 2012 19:11
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun ucqar dağ kəndlərinə gedən yollarda fevralın 3-dən 4-ə keçən gecə 8 yerdə qar uçqunu baş verib. Həmin ərazilər ağır texnika vasitəsi ilə qardan təmizlənib. Quba rayon 6 saylı Yol istismar idarəsinin baş mühəndisi Aydın Niftəliyevin APA-ya verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 32-ci kilometrliyindən 46-cı kilometrliyinə qədər olan hissəsində hər an qar uçqunu ehtimalı var. Həmin ərazilərdə sürücülərin diqqətli olması vacibdir. Ümumilikdə Quba Yol istismar idarəsinin balansında olan yollarda gediş-gəliş bərpa olunub. Hazırda əlavə ehtiyat tədbirləri həyata keçirilir.

Quba 68 saylı Yol istismar idarəsinin balansında olan yollarda da vəziyyət qənaətbəxşdir. İdarənin sahə rəisi Hüseynağa Xəlilovun açıqlamasına görə, dünən axşam saatlarından etibarən ağır texnika vasitəsi ilə yollar qardan təmizlənib. Nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.
Quba Avtovağzalının direktoru Fikrət Yunusov isə bildirib ki, artıq 3 gündür rayonun 15 kəndinə avtobus reysi həyata keçirilmir. Rayonun dağlıq ərazilərində yerləşən həmin kəndlərə avtovağzaldan gediş-gəliş hələ də bərpa olunmayıb. Qusar 7 saylı yol istismar idarəsinin rəisi Rauf Əbilov isə qeyd edib ki, idarənin balansında olan yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib. Qusar-Ləzə, Bakı-Quba-Dağıstan, Quba-Qusar və Qusar-Həzrə yollarında da gediş-gəliş tam təmin olunub. Xaçmaz rayonunun yollarında da vəziyyətin qənaətbəxş olduğu açıqlanıb. Rayon 5 Saylı Yol istismar idarəsinin baş mühəndisi Məmmədşah Hacımuradovun sözlərinə görə, bu gün səhər saatlarından etibarən bəzi ərazilər ağır texnika vasitəsi ilə qardan təmizlənib. Yolun buz olan hissələrinə qum-duz qarışığı səpilib.

O.M.