Artur Rəsizadə Kirço Kirovu qəbul edib

Artur Rəsizadə Kirço Kirovu qəbul edib

21 Aprel 2011 11:40
Bəyəndim (0) Bəyənmədim (0)
Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru ilə fikir mübadiləsi aparılıb

Aprelin 20-də Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Milli Kəşfiyyat Xidmətinin direktoru general-leytenant Kirço Kirovu qəbul edib.

Qonağı salamlayan Baş nazir Artur Rəsizadə Azərbaycanla Bolqarıstan arasında siyasi-iqtisadi və mədəni əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Sonra müasir dünya üçün aktual olan təhlükəsizlik problemləri, terrorçuluqla mübarizə, etnik separatizm və digər məsələlər barədə danışarkən, diqqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilib. Baş nazir qeyd edib ki, bu münaqişənin tezliklə həlli həm də ümumən regional təhlükəsizlik baxımından zəruridir.

Bakıda gördüyü yüksək qonaqpərvərlikdən məmnun olduğunu deyən Kirço Kirov keçirtdiyi görüşlər və apardığı müzakirələr barədə Azərbaycanın baş nazirinə ətraflı məlumat verib. Qonaq xüsusilə Azərbaycanlı həmkarları ilə səmərəli danışıqları xatırlayaraq bu cür məhsuldar görüşlərin, təcrübə mübadilələrinin hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov da qəbulda iştirak edib.

Qonaqlar gəldi-gedərdi. Qarabağ probleminin həlli və milli təhlükəsizlik məsələləri isə yalnız bizim özümüzdən asılıdır.

Elvin Babayev

O.M.