Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası vətəndaşları küçəyə çıxmamağa çağırdı

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası vətəndaşları küçəyə çıxmamağa çağırdı

2 Fevral 2012 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Kəskin hava şəraiti ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov əhaliyə müraciət edib: "Əhalidən hava şəraiti ilə əlaqədar zərurət olmadığı təqdirdə küçəyə çıxmamaq və avtomobillərdən istifadə etməmək xahiş olunur. Maşınların hərəkəti çox çətindir. İnsanlar hərəkət edə bilmir. Əsassız küçəyə çıxmaq özünü travma almağa atmaq və həyatı riskə qoymaq deməkdir. Xüsusən də yaşlı insanlar bir balaca yıxılmaqla ağır xəsarət ala bilər. Yaşlı insanların ümumiyyətlə küçəyə çıxması məsləhət deyil".

M.Həmidov əhalini təcili yardımı əsassız yerə çağırmamağa da səsləyib: "Xahiş olunur ki, əhali əsassız, lazımsız yerə təcili yardıma müraciət eləməsin. Bəzən adi həkim reseptinə görə zəng eləyib təcili yardım çağırırlar ki, bunu necə qəbul eləyək. Bunu telefonla məsləhət də almaq olar. Və yaxud da zəng edirlər ki, gəlin uşağı bələməyə mənə kömək edin. Elə elementar şeylərdən ötrü təsili yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır, ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə gecikirik. İnsanlara tövsiyəm ondan ibarətdir ki, ciddi bir şey yoxdursa, təcili yardımı ünvana çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. Ağır xəstələr, travmalar, doğuşlar, qanaxmalar, qıcolmalar, uşaqlarda yüksək hərarət, insult , infarkt, yüksək təzyiq olan hallarda təcili yardım çağırsınlar. İnsanlar başa düşməlidir ki, elementar şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər problemlər yaradır".

O.M.