"Xocalıya Ədalət" kampaniyası dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir

"Xocalıya Ədalət" kampaniyası dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir

31 Yanvar 2012 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pi) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyası başa çatıb. Təşkilat İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini özündə birləşdirir və müvafiq olaraq Afrika, Asiya və Ərəb regionunda iki ildə bir dəfə öz sessiyasını keçirir.

İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbulda yerləşən Baş Qərargahından verilən məlumata görə, sessiyada "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib. Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir: "Konfrans üzv-ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir".
Bu tanınma 2009-cu ildən etibarən həyata keçirilən və İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" kampaniyasının fəaliyyətinin nəticəsi olub. İƏT Pİ-nın faciəyə verdiyi qiymət İKGF və bu qurum arasında əməkdaşlıq haqqında müvafiq qətnamələrin tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Milli Məclis nümayəndə heyətinin başçısı, millət vəkili Gövhər Baxşəliyevanın təklifi ilə İKGF-nin irəli sürdüyü əlavələrdən sonra Konfrans yekun hesabatda qurumun Katibliyinə üzv-ölkələrin parlamentlərinin "Xocalıya ədalət" kampaniyasına milli və beynəlxalq səviyyədə dəstək göstərilməsinə çağıran bu qətnamənin həyata keçməsini diqqət mərkəzində saxlamağı tapşıran müvafiq qərar qəbul edib.
Qətnamənin vacibliyini şərh edən İKGF-nin baş katibi, səfir Elşad İsgəndərov bildirib ki, beynəlxalq sənədlər arasında bu qətnamə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verir: "Nəzərə alsaq ki, İƏT Pİ öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, sözügedən termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaq".
"Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyası Şuşanın işğalı günü İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

O.M.