Bakı Ali Neft Məktəbi məzunlarına Azərbaycan və Böyük Britaniya diplomları veriləcək

Bakı Ali Neft Məktəbi məzunlarına Azərbaycan və Böyük Britaniya diplomları veriləcək

27 Yanvar 2012 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, ARDNŞ tərəfindən yaradılmış Bakı Ali Neft Məktəbi məzunlarına iki diplom verilməsi haqqında Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə razılıq əldə olunub. ARDNŞ-in sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Edinburq şəhərindəki Heriot Vatt və Aberdin şəhərindəki Robert Qordon universitetləri ilə əməkdaşlıq əlaqələri qurmaq üçün Şotlandiyada səfərdə olub.

Nümayəndə heyətinin tərkibində ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Elmar Qasımov, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov, memar Cəlil Hüseynov və şirkətin Londondakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev təmsil olunub.
Heriot Vatt Universitetinin rəsmiləri ilə görüşlərin nəticəsində yeni yaradılmış Bakı Ali Neft Məktəbində "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində mütəxəssis hazırlığı proqramlarının birgə yaradılması, tətbiqi, ingilis dilində tədrisin təşkili və məzunlara iki diplomun verilməsi istiqamətlərində birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Robert Qordon Universitetinin rəhbərliyi ilə aparılmış müzakirələr nəticəsində də gələcək birgə əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.

O.M.