Fransanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası insidentsiz ötüşdü

Fransanın Azərbaycandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyası insidentsiz ötüşdü

25 Yanvar 2012 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi və Qarabağ Azadlıq Təşkilatı Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Polis insanların Fransa səfirliyinin binası qarşısına toplaşmasına imkan verməyib. Aksiya keçmiş "Malakan bağı"nda davam etdirilib.

Aksiya iştirakçıları Fransa Senatının 107 il əvvəl baş vermiş tarixi hadisələri siyasiləşdirərək uydurma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunu qəbul etməsinə etirazlarını bildiriblər. Bu qanun layihəsinin qəbul edilməsinin Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də öz təsirini göstərəcəyi bəyan edilib.
İştirakçılar Fransanın ATƏT-in Minsk Qrupundan istefa verməsi, Fransanın "Total" şirkətinin Azərbaycandan çıxarılması və bu ölkə ilə bütün iqtisadi əlaqələrin dondurulması tələbini irəli sürüblər.
Aksiyada "Fransa Stop!", "Rədd olsun Fransa-Ermənistan dostluğu!", "Rədd olsun Ermənistan-İran dostluğu!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", "Xocalını unutmayaq!" kimi şüarlar səsləndiriblər. Sonra Ermənistan və Fransa prezidentinin müqəvvaları yumurta atəşinə tutulub. Aksiyanın sonunda qətnamə qəbul edilib və Fransa səfirliyinə təqdim olunub.

O.M.